—
MÜSAHİBƏ + FOTOLAR
01.10.2015
10:33 Bölmə: Mədəniyyət Oxunma sayı: 5549
“Təhsil
naziri olanda keçmişdə Moskvadan gəlmiş bir göstəriş əlimə keçdi. Bu gizli
qrifli məktubun bir bölümündə yazılmışdı ki, “çalışın, tarix dərsliklərinə Xəzərlər
sözü düşməsin”
Bir
çoxları “Türklər barbardır”, “Türklər köçəridir”, “Türklərin mədəniyyəti
yoxdur” deyir. Əslində necədir?
Azərbaycanın
qədim türk torpağı olub olmaması, türklərin dərin dövətləri, Altay nəzəriyyəsinə
qarşı Urm nəzəriyyəsi, Xəzərlərin niyə yox olması və türklərlə bağlı digər
sualları keçmiş təhsil nazirimiz türkoloq Firudin Cəlilov Ölkə.Az-da
cavablandırıb.
Ölkə.Az
Firudin Cəlilovla geniş müsahibəni sizə təqdim edir:
-
Bəzi alimlər iddia edir ki, türklər Azərbaycana gəlmədir. Bu nə qədər doğrudur?
Azərbaycan türk torpağıdırmı?
Avropa,
rus, fars alimlərinin uydurması
- Bu
çox ciddi bir problemdir. Bəzi alimlər bunu indi yox, 250 ildir deyirlər. Bunu
deyənlər rus, fars, hay, avropalı və bir sıra türk alimləridir. Bu, artıq 250
ildir elmdə oturuşmuş bir fikirdir. Vaxtilə “Ural-Altay dil ailəsi” adı ilə
ortaya atılmış bir nəzəriyyənin nəticəsidir. Guya Ural xalqları finuqorlarla
Altay xalqları olan türk, monqol və tunqus-mancurlar eyni kökdən gələn
xalqlardır, sonradan parçalanıblar. Sonrakı ciddi tədqiqatlar göstərdi ki, bu nəzəriyyə
özünü doğrultmur, çünki türk dili ilə finqor dilinin genetik bağı yoxdur. Sadəcə,
sonrakı çağlarda olan əlaqələr nəticəsində alınmalar var, bizim dildən onların
dilinə, onların dilindən bizim dilə bəzi sözlər keçib. Ona görə də, Ural-Altay
nəzəriyyəsi iflasa uğradı, Uralı atdılar, qaldı Altay nəzəriyyəsi. Bu nəzəriyyəyə
görə də, türklər, monqollar, tunqus-mancurlar bir xalq olub, 2200-2300 il öncə
hun çağında Monqolustanın Ordos bölgəsində türklər onlardan ayrılıb. Türklərin
bir hissəsi Altayda qalıb, bir hissəsi isə Orta Asiyaya, başqa bir hissəsi
Quzey Qafqaza, bir hissəsi də Azərbaycana gəlib. Min il əvvəl Səlcuqlar dönəmində
də böyük bir kütlə ilə türklər Anadoluya yerləşiblər. Buradan o nəticəni
çıxardırlar ki, bugün türklər harada yaşayırsa oranın yerli xalqı deyil, ora gəlmə
xalqdır, üstəlik də bu gələn türklərin hamısı köçəri xalqdır. Təbii ki, bu nəzəriyyənin
altında siyasi məqsədlər durur və bugün də rəsmi elmi əsərlərdə, tarix dərsliklərində
bu baxış davam edir. Hələ, ustalıqla qurulmuş bu tələyə düşən türkçüləri bir kənara
qoyaq, Türkiyədə hansı tarixçini dindirirsən, elə kor tutduğunu buraxmadığı
kimi, deyir ki, min il öncə 1071-dəki Malazgird savaşından sonra gəlmişik.
Haradan gəlibsiniz - deyə, soruşanda da, deyirlər Orta Asiyadan. Orta Asiya deyərkən
də Türkmənistanı, Özbəkistanı deyil, Mərkəzi Asiyanı - Monqolustanı nəzərdə
tuturlar. Altay nəzəriyyəsinin verdiyi məhsul budur.
-Aydındır.
Bəs siz bu nəzəriyyəyə qarşı hansı konsepsiyanı qoyursunuz?
-Azərbaycan
alimləri son 50 ildə artıq həmin baxışın əleyhinə çxmağa başladılar. Məşhur
xarici tükoloqlardan Dörfer, Klausen, Kotviç, Şerbak, Serebrennikov və
başqaları da Altay nəzəriyyəsinin sübut olunmayan yanlış bir fərziyyə olduğunu
yazmışlar. Fərziyyə üzərindən tarix yazmaq düz deyil, 40 il bundan öncə mən də
Altay nəzəriyyəsinin özünü doğrultmadığını yazırdım. Gerçək olmayan bir baxışı
sırıyıblar bizə. O vaxt bu işə başlayanda əlimizdə material, tarixi bəlgələr
çox az idi, həm də türklərə aid qədim tarixi bəlgələri başqalarının adına
yazırdılar. Elə biri Pazrıq xalçası. Aparıb erməni adlanan Qarabağ haylarına
bağlayırlar. 2500 il öncə Qarabağda hay nə gəzirdi? O vaxt haylar heç
Anadoludakı Ermən bölgəsinə də gəlməmişdi.
İynə
ilə gor qaza-qaza tarixi bəlgələri topladıq, faktlar çoxaldıqca mənzərə
aydınlaşırdı. İndi bu sahədə Bəxtiyar Tuncay, Elşad Əlili, Rizvan Hüseynov və
başqa gənclər gərəkli bəlgələr ortaya çıxardır, bu sahədə böyük əməyi olmuş
yaşlı nəsildən Ə.Dəmirçizadə, M.Seyidov, S.Əliyarlı, Q.Qeybullayev, Z.Yampolski
və başqa dünyasını dəyişmiş alimlərin zəhmətini dəyərləndirmək gərəkir. İlk dəfə
1980-ci illərdə mixi yazılar üzrə uzman və dünyada dörd elamşünasdan biri olan
Yusif Yusifov sovetlər dönəmində (elə indi də) Moskvada nəşr olunan ən mötəbər
elmi jurnalda bir məqalə yazdı və bəlgələrlə göstərdi ki, e.ə. Mesopotamiyada türk
izləri vardır. Bunu Sumer, Akad mixi yazılarında görmək olur, elam dilində də
türk sözlərinə rast gəlinir. Deməli, burada türklər olub ki, o sözlər
qaynaqlara düşüb, bunun əksini söyləmək olmur axı. Düzdü, o zaman Yusif
Yusifovun əleyhinə çox yazdılar, tarix institutunun rəhbərliyi xüsusi canfəşanlıq
edirdi. Yusif müəllim rəhmətə gedənə qədər onu bu sahədən kənarda saxladılar.
Halbuki, bu gün də Rusiya universitetləri onun yazdığı kitabı dərslik kimi
istifadə edir, burada birinci onu akademik seçməli idilər, ancaq onu heç
akademiyanın müxbir üzvü də seçmədilər. Biz də o zaman çətinliklə işləyirdik.
Son otuz ildə 9 cilddə, “Azərbaycan türklərinin islamaqədərki tarixi”ni yaza
bildim. "Doqquz Bitik" adlı o kitablardan 3-ü keçən il çap olunub,
sponsor olsa, digərləri də çap olunacaq. Sizin sualınıza geniş izahlar o
kitablarda vardır. Altay nəzəriyyəsinin əleyhinə qoyulan, yeni Urm nəzəriyyəsidir.
Bu nəzəriyyəyə görə, Urmu gölü mərkəz olmaqla, Azərbaycanın güneyi və quzeyi,
Anadolunun güney-doğusu ən qədim türklərin (prototürklərin) yarandığı bölgədir,
yəni türk etnosu, türk dili bu ərazidə yaranıb. Prototürk ata yurdu Mərkəzi
Asiya deyil, Ön Asiyadır. Bu gün bu fikrin tərəfdarları günü-gündən artır.
Artıq Türkiyədə də bir neçə alim bu istiqamətdə işləməyə başlayıb. Tatarıstanda
akademik Mirfatıx Zəkiyev məşhur türkoloqdur, o da bu yöndə yazır. Urmu nəzəriyyəsi
yönündə qaraçay-balkar, kumuk, özbək, qazax, qırğız alimləri içində də yazan
alimlər var.
-
Avropalılar türklərə barbar deyir. İddia edirlər türklərin mədəniyyəti olmayıb.
Yaxın zamanda Çində ağ piramidalar tapıldı. Alimlər iddia edir ki, bunlar
açılarsa dünya tarixi və mədəniyyəti yenidən yazılmalıdır.
“…ona
görə də, avropalıda türkə qarşı bir nifrət var”
-
Çində tapılanlar piramidalar yox, uyğurların ulu babalarının qurduğu
kurqanlardır. Çin hökuməti orada nəinki qazıntı aparmağa, onlara yanaşmağa
qadağa qoyub. Azərbaycanda, Anadoluda nə qədər istəsəniz türk mədəniyyətini
sübut edən faktlar var. Türklərə barbar deyilməsinin səbəbisə başqadır. Türklər
Avropaya zaman-zaman axın ediblər. Ən güclü axın isə hunlarla olub. Ona qədər
Avropada böyük dövlət yox idi. Kiçik krallıqlar, şəhər dövlətləri var idi.
Hunların hücumundan sonra orada Hun imperiyası, sonra Avar imperiyası quruldu,
daha sonra bulqarlar orada böyük dövlət qurdu. İndiki Bolqarıstan slav kökənli
xalqın dövlətidir, ancaq ölkənin adı Bolqar, xalqın adı Bolqar. Bəs necə olub,
barbar dedikləri türklərin adı Avropada qalıb. Ona görə ki, dövləti orada 7-ci əsrdə
Quzey Qafqazdan gedən bulqar türkləri qurub, lakin xristianlığı qəbul edəndən
bir-iki əsr sonra yerli slavların içində əridilər.
Bir
neçə il əvvəl İsveçdə idim. Söhbət zamanı orada yaşayan soydaşlarımız dedilər
ki, Avropada türklərə yaxşı baxmırlar, barbar deyirlər. Dedim, İsveçdə,
qonşunuzda olan Norveçdə son min il davam edən kral soyunun adı nədi? Dedilər,
Hakon-Hakonsons. Dedim, yaxşı, son “oğlu” deməkdir, bəs bütov adın anlamı nədir?
Bir-birinin üzünə baxıb, dedilər ki, deyəsən “Hakanın oğlu Hakan” anlamındadır.
Mən də gülüb dedim ki, bax, türkə barbar deyəndə sizinlə etdiyim bu sual-cavabı
siz də onlarla edin və deyin ki, sizin ölkədə ən məşhur adamlar, alimlər həmin
xaqanoğlu xaqan soyundandır. Türklər Avropaya dövlətçilik, mədəniyyət gətirdi.
Sonralar Avropanın yarısını işğal edən Osmanlı dövləti də burada körpülər
tikdi. Ancaq bütün bunlara baxmayaraq, türklər avropalıların nəzərində işğalçı
kimi tanınıb, mədəniyyət gətirən xalq kimi yox. Avropa kralları az qala bir ay
Attilanın qəbulunda gözləyirdi ki, Attila onları qəbul edəcək, ya yox. Avropalı
uşaq məktəbə gedəndə bunu oxuyur, görür ki, bunlar yüz illərlə türkün əsarəti
altında olublar. Ona görə də, avropalıda barbar dediyi türkə qarşı bir nifrət
var.
-
Azərbaycanda kurqanlar necə araşdırılır? Bu yaxınlarda Xocavənd rayonunda, Nərgiz
təpədə olduq. Düzdür, orada artıq araşdırmaya başlayıblar. Nərgiz təpədə çoxlu
sayda kurqan, qədim qəbr daşları ilə rastlaşdıq. Daşların bəzilərinin üzərində
yay-ox şəkili vardı. Üzərində qədim yazılar görünürdü.
“Sovet
dövründə düzlərdə olan kurqanları verdilər traktorun qabağına, şumlayıb pambıq
tarlaları etdilər”
-
Ümumiyyətlə, Azərbaycan və Anadolu türklərinin xristianlıq dövrü yaxşı öyrənilməyib.
Halbuki, islamı qəbul etməmişdən öncə türk boyları, özəlliklə qıpçaqların çoxu
xristian idi, musəvi türklər də vardı. O çağlardan qalan bəlgələr, yazılar işlənməlidir
ki, biz o mərhələni başa düşə bilək. Kurqan mədəniyyəti isə daha qədim çağlara
aiddir və ilk örnəkləri Azərbaycanda yaranıb. Kurqan culture Azərbaycandan
Quzey Qafqaza keçib, orada Maykop culture kimi formalaşıb, Altaya da buradan
aparılıb, sonralar Avrasiyaya yayılıb. Bizim alimlər indi Qazaxda, Ağstafada
qazıntılar aparırlar, 6-7 min il bundan əvvəlki kurqanları aşkar ediblər.
Qarabağ zonasında Xocalı, Xocavənd kurqanları çoxdan bəlli idi. Həmin
kurqanların miqrasiyasını dəqiq işləmək lazımdır. Bugünə kimi yazırdılar ki,
kurqan mədəniyyəti Hind-Avropalılarındır, guya oradan gəlib bu yerlərə. Ancaq
faktlar göstərir ki, əksinə buradan yayılıb hər yerə. Nə yazıq ki, bizimkilər
sovet dövründə düzlərdə olan kurqanları verdilər traktorun qabağına şumladılar.
Pambıq tarlaları saldılar. Qədim mədəniyyət bəlgələri torpağın altında qalıb.
İngiltərədə Silburi-hill kurqanını qorumaq üçün dövlət 9 milyon pul ayırdı. Biz
isə kurqanlarımızı pambıq tarlası etdik.
Kurqan
türkün yas gələnəyilə bağlıdır, türk hara gedibsə, yas kulturunu da özülə
aparıb. Etrusklar İtaliyaya köçüblər, İtaliyada kurqanlar var. Göytürk
xaqanlığı vaxtında Koreyanı işğal edəndə kurqan mədəniyyəti ora da keçib.
Bugünün özündə də Koreyada məşhur adamları kurqanda basdırırlar. Onlarda o mədəniyyət
qalıb. Çindəki kurqanlar isə daha böyükdür. Kurqanın altında kimlər
basıdırılıb, gərək onların antropologiyası öyrənilməlidir ki, bilinsin hansı etnosdandır.
Ola bilər, oradan yazı nümunələri də olsun. Çin hökuməti məhz bu üzdən o
kurqanları yasaqlayıb.
-
Türklərin tarixini daha çox Orxon-Yenisey abidələrilə bağlayırlar. Əslində necədir?
“Orxon-Yenisey
abidələrinin öyrınilməsinin gərəkli və yanlış yönləri”
-
Orxon-Yenisey abidələri türk tarixinin bir epizodudur. Türk tarixi oradan
başlaya bilməz. O yazıların aşağı-yuxarı 1500 il yaşı var. O abidələrin
türkologiya elminin inkişafına böyük əhəmiyyəti oldu. Bəngi daşların üzərindəki
yazıları ilk dəfə Tomsen oxuya bildi, bu bir sensasiya oldu, türk tarixinə
böyük şərəf gətirdi. Məlum oldu ki, türklərin də yazı mədəniyyəti var. Ancaq bu
türk tarixində epizodik bir şeydir. Çünki ondan əvvəlki, e.ə. türk tarixi öyrənilməyib.
Yazıların orada tapılması da Altay nəzəriyyəsinin tərəfdarlarına fürsət verdi
ki, türklərin kökünü ora bağlasın. Halbuki, Orxon-Yenisey əlifbası da bugün
bizim işlətdiyimiz latın əlifbası ilə eyni mənşəlidir, bu runik əlifba Aralıq dənizi
hövzəsində yaranıb. Türklər buradan o əlifbanı Altaya, etrusklar da İtaliyaya
aparıb. Latınlar o əlifbanı olduğu kimi qəbul edib və latın əlifbası adı ilə
Avropaya yayılıb. Biz də latın əlifbasını yenidən qəbul etdik. Latın əlifbasının
kökü etrusklara gedib çıxır, etruskların elit təbəqəsi isə türkdür. Bu əlifbanı
parlamentdə qəbul elətdirəndə, komissiyanın sədri idim. Bəzi türkçülər irad
tuturdu ki, madam əlinizdə imkan var qədim türk əlifbasını qəbul etdirərdiniz.
Mən də deyirdim ki, latın əlifbası elə qədim türk əlifbasıdır, sadəcə azacıq dəyişmiş
çağdaş formasıdır. Bunları “Etrusk-Türk bağı” kitabımda geniş izah etmişəm.
-
Bir çox alimlər iddia edir ki, islamdan sonra türklərdə çöküş başladı.
“Türkün
dövləti dağılsa, türk yenə ayaq üstə dura bilər. Ancaq türkün törəsi pozulsa,
türk məhv olub gedər”
-
“Tanrı elçisi İbrahim” adlı kitabımda göstərmişəm ki, yəhudilik, xristianlıq və
islamın kökü İbrahim Peyğəmbərə gedib çıxır. İbrahim Peyğəmbərin də kökünü
axtaranda görürük ki, onun babaları sonralar Mada (Midiya) adlanan Güney Azərbaycandan
Mesopotamiyaya köçüb, İbrahim orada doğulub. İbrahim peyğəmbər türklərin
tanrıçılıq dinindəki Tək Tanrı inancını Fələstinə aparıb, orada yayıb. Üç səmavi
din həmin bölgədə yaranıb. İslamda bir çox şeylər qədim türk inancı ilə üst-üstə
düşür. İslamın qəbulunun bəzi məqamlarda xeyri də oldu, ziyanı da. Xeyri onda
oldu ki, islamı qəbul edənlər türklüyünü saxladı. Xristianlığı qəbul edən türklərin
90%-i əridi getdi. Yəhudi dininə sitayiş edən Xəzər imperiyası yoxdur. Ona görə
ki, o dinlərdə onların çoxu əriyib getdilər. İslamı qəbul etmiş türklər ərimədi.
İslamın bir dənə böyük üstünlüyü türklər üçün budur. Elmə, təhsilə gələndə
türklər çox geri düşdülər, artıq o fanatizm ki, daşındı dövlət siyasətinə. Din
siyasətin alətinə çevrildikdən sonra inkişafın ziyanına işləməyə başladı. Bu mənada,
xarici alimlər Ayda tədqiqat aparırlar, müsəlmanlar da əlinə lupa alıb gedib
yumurtanın üzərində Allah sözünü axtarır. Fərq budur.
Türkün
yaşam tərzi çox fərqlidir. Türk təbiətlə iç-içə yaşayır. Türkə konstitusiya
yazmağa ehtiyac olmayıb. Ona görə ki, türkün törələri olub. Türk doğulandan ölənə
kimi törəsilə yaşayıb. Bizim evdə bir törə var, bayrağa səcdə etmək. Mən nəvəmə
deməmişdim bayrağı görəndə öp. O bu münasibəti evdə görüb, ilk dəfə məktəbə gedəndə
böyük bayrağı görüb, onu öpüb. Türk etnosu öz törələrilə yaşayan millət olub. Hətta,
qədim yazılarda qeyd olunur ki, türkün dövləti dağılsa, türk yenə ayaq üstə
dura bilər, ancaq türkün törəsi pozulsa, məhv olub gedər.
Lap
qədimə gedəndə görürük ki, türklər İkiçayarasında yaşayanda sumerlər o əraziyə
gəlib. Sumer dilində bizə bəlgələr gəlib çatıb. Dünya xalqları bilir ki, bütün
elmlərin inkişafı oradan başlayır, sonralar Misirə, Çinə keçib. Riyaziyyat,
astronomiya, tibb və sair elmlər ilk dəfə Mesopotamiyada formalaşıb. İslamlaşma
çağında ortaya çıxan İbn Sina kimi çoxlu türk alimləri vardı, ancaq elmi əsərləri
ərəbcə yazırdılar, Yunan-Latın filosoflarının əsərlərini ərəbcəyə çevirirdilər.
Sonralar Avropa alimləri də bunları ərəbcədən tərcümə edib yararlanmışlar.
-
Tək Allahlı dinlərin kitabları var. Tanrıçılıq da təkallahlı dindir. Ola bilərmi
ki, Tanrıçılıq kitabı olsun?
“Türklər
heç vaxt konstitusiya yazmayıblar,çünki konstitusiya ilə yaşayıblar”
-
Məntiqi sualdır. Vacib deyil ki, bütün dinlərin kitabı olsun. Türklər
konstitusiya yazmayıblar, konstitusiya ilə, türk törəsilə yaşayıblar. Yazmağa
ehtiyac olmayıb. Türklər şifahi yöntəmə daha çox fikir veriblər. Aşıqlar 10-15
dastanı əzbər deyirlər. Manas dünyada ən böyük dastandır. Onu əzbər bilən
aşıqlar var. Bütün Avropa dastanlarını yığsaq, Manas dastanının yarısı qədər
ola bilməz. Fəlsəfəni götürək. Fəlsəfəyə aid qədim türk kitabı yoxdur. Yunanca
var, ərəbcə var, bizdə yoxdur.
-
Bizdə doğrudanmı yoxdur?
-
Əslində elə deyil. Bizim etnosun fəlsəfi təfəkkürü atalar sözündədir. Hər bir
atalar sözü özü bir fəlsəfi fikirdir. Atalar sözlərini kitab kimi yazmağa
ehtiyac olmayıb. Ona görə ki, hər kəs əzbərdən bilib. Türklər 150-dən çox dövlər
qurub, ancaq qurduğu dövlətin tarixini yazmayıb. Biz də belə xalqıq, neynəyək?
-
Zülqərneynin Oğuz xaqan olduğunu iddia edənlər var.
-
Bu cür fikirlər var. Bu bir varsayımdır, fərziyədir. Oğuz sözünü öküzlə izah
edirlər. Öküzün də iki buynuzu olur. Amma bu yanlışdır, çünki Oğuz xaqan törədici
ulu babadır. Öküz isə törədici deyil. Buğa olsa idi, haradasa razılaşmaq
olardı. Zülqərneyni Makedoniyalı İsgəndərlə də əlaqələndirirlər. Ancaq İsgəndərin
tarixi cavandır, cəmi 2300 il yaşı var. İsgəndərin dəbilqəsində buynuzu olub,
onunla bağlayırlar. İsgəndərlə Zülqərneynin bağlılığı ola bilər ancaq Oğuz
xaqanla bağlılığının olmasına inanmıram.
-
Bayaq dediniz ki, türkün dövlətini əlindən alsan yaşayar, ancaq törəsini əlindən
alsan məhv olar. İndi türklər hal-hazırda zəifdir. Türkün törəsi əlindən
alınıb?
-
Türk dövlətləri ona görə zəifdir ki, törədən uzaqlaşıb. Tarix boyu belə
olubdur. Ən uzunömürlü türk dövləti Osmanlı imperiyası idi, türk törəsindən
uzaqlaşdığı üçün süqut etdi. Yaxşı ki, Atatürk çıxdı, çürüyən, qarımış
imperiyanın yerində sağlam bir Türkiyə Cümhuriyəti qura bildi. Bir örnək verim.
Dədə Qorqud mətnlərində hər kəsin bir xanımı var. Türk törəsində belə bir məqam
vardı, dövlət mənafeyi tələb edəndə xaqan başqa millətin dövlət başçısının qızı
ilə evlənə bilərdi, ancaq türk xanımdan olan oğlu xaqan seçilə bilərdi.
Sonradan bu gələnək dəyişdi. Başqa xalqlardan aldığı qadınlardan olan övladlar
hakimiyyətə gəldi və qan dəyişdi. Törələr dəyişdikcə dövlətin daxili
sinergetikası, təpəri də dəyişdi. İndi türk dövlətlərində iqtisadi inkişaf var,
siyasi inkişaf yoxdur. Onlar türk törəsindən uzaqlaşan cavan dövlətlərdir. Düşmən
dövlətlərin təzyiqi altında olan Azərbaycan 25 ildir bir milyon qaçqını ilə
ayaqda durursa, bu böyük işdir.
-
Bəzi alimlər iddia edir ki, türk dövlətlərində hələ də dərin dövlət var.
-
Elə məsələlər var ki, onu demək olmur. Dərin dövlətlər olmasa dövlətlər ayaq
üstə dura bilməz. Dərin dövlətin üzvü deyiləm, ancaq ayrılıqda elə dərin dövlətəm,
çünki dövlətimizin ayağı daşa dəyəndə səssiz qalmıram, dövlətimizin müstəqilliyi
uğrunda sinəsini qabağa verəcək yüzlərlə belə ziyalı var.
Əvvəllər
dövlət başçıları həmişə milli ziyalıları yığıb məsləhət alardı. Bu görüşlər bəzən
açıq, bəzən də gizli şəkildə olurdu. Bunu açıq şəkildə hal-hazırda türkmənlər
edir. Türkmənlərin ağsaqqallar şurası var. O artıq qeyri-leqal yox, leqallaşmış
dərin dövlətdir. Çox güman ki, digər türk dövlətlərində də var, ancaq bundan xəbərim
yoxdur (gülür).
-
Lap qədimlərdə türklərin dərin dövlətləri olub?
-
Gəlin elə Azərbaycandan danışaq. Dədə Qorqudu çox adam oxuyur, ancaq başa
düşmür. Yerli türklər var idi, iç oğuzlar, bir də skif deyilən, saqalar, bunlar
da dış oğuzlar idi. Eposda deyilir ki, iç oğuz, dış oğuz birləşib, böyük Oğuz
Eli (dövləti) yaratdı. Təbii ki, o dövləti yaradanlar dərin dövlət idi. Tarixçi
o dastanı oxuyanda bilməlidir ki, burada dərin dövlət haradadır? Misal üçün
Aruz qocanın epiteti belədir: “9 qoca başı Aruz qoca”. Yəni 9 ixtiyardan ibarət
qurumun başında dayanan şəxs, bunların sırasında seçilmiş nüfuzlu cavanlar da
ola bilərdi. Dövlət məsələləri həll olunanda mütləq o 9-luğu təmsil edənlərin rəyi
alınmalı idi. Özbaşına kimsə gedib müharibə edə bilməzdi. Bunu sizin sualınıza
bir epizodik bəlgə kimi verdim…
Keçmiş
türk dövlətlərində bu cür olub. Ən qəribəsi ondadır ki, ilk türk dövləti
yaranandan bu gələnək var. Güney Azərbaycanda 4200 il öncə balaca bir Qut eli
yarandı, sonradan böyüyüb imperiya oldu, Akad, Elan, Sumer kimi dövlətləri özünə
tabe etdi. Qut elinin hakimiyyət sisteminə baxanda adam dəhşətə gəlir. Bir əsr
yaşayan Qut eli dünyada ilk demokratik dövlət olub, 21 elbəyin sumer yazısında
adı var. İngiliscə “king list” (şahlar siyahısı) deyirlər. Bu elmə bəllidir, dəfələrlə
çap olunub. O siyahıda qut elbəylərinin siyahısına baxanda görürük ki, onlar 5
ildən bir dəyişib. Bəzi zamanlarda bu 7 illik silsilə olub. Ətraf ölkələrdə bir
hökmdar öləndə hakimiyyətə onun oğlu və yaxud qardaşı keçərdi. Ancaq Qut dövlətində
hakimiyyət seçimlə olub. Sistem seçkili olub. Hökmdarı seçmək üçün qurultay
çağırırmışlar, o zaman buna toy deyirdilər. Toya gələn toyqular (vəkillər)
toplanıb dövlətin başçısını seçirdi. Bu 4200 il əvvəl olub. Nə ondan əvvəl, nə
də ondan sonra tarixdə belə bir şeyə rast gəlinmir. Avropadakı demokratik seçki
isə yaxın zamanı əhatə edir.
Biz
heç erkən orta əsrlərdə 500 il davam edən Xəzər dövlətinin tarixini öyrənməmişik.
Halbuki, Albaniya onun güneyə uzantısı idi. Dədə Qorqud kitabında Qam xanın
oğlu Bayındır xanda olduğu kimi, orada da Xaqan qam soyundan idi. Dövlətin
başçısı Xaqan ildə 4 dəfə camaatın üzünə çıxardı, həm də dini lider idi. Biri də
var idi, elin hökumdarı. Dövləti o idarə edirdi. Eynən prezidentlə baş nazir
kimi. Dədə Qorqudda da eyni sistem idi. Bayandır xan baş verən olaylarda
görünmür, sadəcə adı hörmətlə çəkilir.
-
Xəzərlər haqqında danışdıq. Tarixdə bir yerə qədər gəlirik və birdən Xəzərlər
sanki yoxa çıxır…
-
Nazirlikdə işləyəndə çoxdan Moskvadan gəlmiş bir göstəriş əlimə keçdi. Gizli
qrifli bu məktubun bir yerində yazılmışdı ki, “çalışın, tarix dərsliklərinə Xəzər
sözü düşməsin”. Xəzər dövləti haqqında orta məktəblərdə və ali məkəblərdə heç
bir məlumat verilmirdi. Bunun nəticəsidir ki, siz o sualı verirsiz… Türkmənlərin
Koroğlu dastanın oxuyanda görürük ki, orada Azərbaycan yox, Xəzərbaycan
deyilir. Dənizimizin adı belə Xəzərdir.
Rusiya
bunu ona görə edirdi ki, rus dövlətinin tarixi 1-ci Pyotrdan başlayır. Ona qədər
rusların dövləti olmayıb. Olanlar da xırda şəhər knyazlıqları idi. Ruslar tarix
yazanda bu ərazidə daş dövründən başlayıb bugünə qədər gəlirdi. Ancaq xəzərlərin
üzərindən bir-iki cümlə ilə keçirdi. Həmin ərazidə ən böyük imperiya Xəzərlər olub
və bu dövlət 500- 600 ilik tarixə malikdir. Xəzərlərin tarix kitablarında yoxa
çıxması rus siyasətinin nəticəsi idi.
Tariximizi
yazmasaq da, hər yerdə izi qalan tarix yazmışıq. İndi bizim borcumuz yazılan
tarixdə tariximizi yazmaqdır…
Səxavət
Məmməd
Fotolar:
Nurlan Gülməmmədov