Mayyalılar, Amerika Hinduları və Türklər...

İndiyə qədər Amerika qitəsinin ən qədim xalqlarından olan Hinduların tarixinə, dilinə, antropologiyasına, etnoqrafiyasına, həmçinin maddi və mənəvi mədəniyyətlərinə dair yüzlərlə məqalə və monoqrafiya həsr edilmişdir. Bununla belə, 1492-ci ilin oktyabr ayının 12-də Xristofor Kolumbun rəhbərliyi ilə Amerika qitəsinə ayaq basan acgöz avropalı istilaçılar tezliklə “Yeni Dünya” adlandırdıqları Köhnə və Qədim Amerikanın dörd bir yanına yayılsalar da, onların diqqətini cəlb etməyən “Hindu” və ya “Qırmızıdərili” adlandırdıqları yerli xalqın tarixi və mədəniyyəti yalnız XIX əsrdə Avropa tədqiqatçılarının diqqətini cəlb etməyə başlamışdı. 

Bunların içərisində 1879-cu ildə Vaşinqtonda əsası qoyulan Smitson İnstitutunun ilk direktoru Con Paulun Hindu dilinə həsr etdiyi “Amerikanın şimalından Meksikaya qədərki Hinduların dil ailəsi” (“İndian linquistic families of Amerika north of Mexico”), Frans Boasın iki cildlik “Şimali Amerika Hindularının dili” (Handbook of American İndian languages, 1-2. Washington, 1911-1922), fransız alimi Riv Polyanın “Amerikanın yerli insanları” (“Les origines de l Americain, Paris 1957) adlı əsərləri, rus Sovet tədqiqatçılarından R.B.Kinjalovun “Qədim Amerikanın incəsəsnəti” (“ İskusstvo drevney Ameriki”, Moskva 1962), “Qədim Mayya incəsənəti” (“İskusstvo drevnix Ameriki” Moskva 1962), “Qədim Mayya mədəniyyəti”(“ Kultura drevnix Mayya”, Leninqrad 1971) və Y.B.Knorozovun “Mayya Hindularının ədəbi abidələri” (“Pismennost İndeyçev Mayya”, M., L., 1963), “Mayya heroqlif əlyazmaları” (“İeroqlifiçeskiye rukopisi Mayya”, Leninqrad 1975) və s. kimi bir sıra əsərləri, Çex tədqiqatçılarından Cestmir Loukotkanın “Cənubi Amerika dillərinin təsnifatı” (“Clasificacian de las lenguas Sudamericanas”).
Və xüsusilə, Miloslov Stinqlin “Tomaqavlarsız Hindular” (“İndianı bez Tomahavku”, Praha 1976) və “Şan-şöhrətli və ölümlü Günəşin övladları” (“Slava smrt Symı Slunce”, Praha 1985) adlı əsərləri xüsusi yer tutur. Lakin bu göstərilən müəlliflər Hindularla bağlı hər şeydən bəhs etsələr də onların Türklərlə yaxınlığı, qohumluğu və əlaqələrindən bəhs etməmişlər.
Amerika Hinduları ilə bağlı araşdırma aparan ilk Türk tədqiqatçısı Təhsin Bəy Mayatəpək olmuşdur. Sonradan Mayalıları Türk hesab edən və Maya dilindəki “təpək” sözünün türkcədəki “təpə” sözü ilə eyniyyət təşkil etdiyini özünə “Mayatəpək” təxəllüsü götürən Təhsin Bəy Atatürkün istəyi ilə 1935-ci ildə Türkiyənin Meksika Səfirliyinə Məsləhətgüzar (İşlər Vəkili, Səfir əvəzi) təyin edilmişdi. Meksikaya Təhsin Bəy əslində Atatürk tərəfindən Mu qitəsi və Mayalılarla Türklərin əlaqələrini araşdırmaq və “Günəş Dil Nəzəriyyəsi” haqqında yeni məlumatlar toplamaqla görəvləndirilmişdi.

Təhsin Bəyə Meksikada Amerikalı arxeoloq William Nivenin əldə etdiyi Meksika gil lövhələri göstərilmişdi. Mayya Hindularının dilinin kökü bu lövhələrdə gizli idi. Təhsin Bəy Türkcə ilə Maya dili arasındakı bənzərlikləri müəyyənləşdirmək üçün Maya dilinə aid mətnlər haqqında bilgi toplamağa başlamış və bu tabletlərin şifrəsinin açılışı onu xeyli təəccübləndirmişdi. Belə ki, Meksika tabletləri eradan əvvəl 200 (iki yüz) min ilə 70 (yetmiş) min illəri arasında Sakit Okeanda mövcud olmuş bir qitədən bəhs edirdi. Tədqiqatçılara görə “Mu” adı verilən bu qitə 12 (on iki) min il öncə bir dəhşətli zəlzələ nəticəsində Sakit Okeana qərq olmuşdu. (Seçmələr bizimdir-A.M. Bax: Sinan Meydan, Atatürk ve Kayıp kıta Mu, İstanbul 2014. Səh. 103)
Öz araşdırmalarını dərinləşdirdikcə yeni-yeni mənbələrlə qarşılaşan Təhsin Bəy bu dəfə ömrünün 50 (əlli) ilini qədim Mu qitəsinə və Mayalılara həsr edən ingilis alimi Ceyms Curcvardın əsərləri ilə tanış olmuş, bu əsərləri təhlil edərək beş maddədən ibarət xülasəni və başqa qaynaqlardan əldə etdiyi bilgiləri 14 raport üç dəftər halında 1935-ci ilin dekabr ayından başlayaraq Atatürkə və Türk Tarix Qurumuna təqdim etmişdi.

Təhsin Bəyin bu raportlarında bizi maraqlandıran Mayyalılar və digər Amerika Hindularının Türklərlə bağlılıqlarıdır. Təhsin Bəyin ingilis alimi Curcvarda əsaslanaraq akademik bir ciddiliklə apardığı tədqiqatlar əslində Mu qitəsi və xüsusilə Amerika “Qırmızıdərililəri” ilə Türklər arasındakı yaxınlığı təsdiq etməyə yönəli son dərəcə orijinal və bir o qədər də şaşırdıcı tədqiqatlardır. Çox təəssüflər olsun ki, Təhsin Bəyin bu qiymətli tədqiqatları Atatürkün vəfatından uzun müddət sonra davam etdirilməmiş, yalnız 1970-ci illərdə Qazanda Tatar alimləri Karamullin və Aribcanov bu pərdənin üstünü yenidən açmışdılar. (Bax: Voprosı Tyurkskoqo yazıkoznaniya, Kazan, 1976, səh. 129-143)