NUH
OĞLU YAFƏSLƏ (OLCAYLA) BAĞLI ETNOQONİK MİFLƏR: TÜRKLƏRİN İLKİN ATA YURDU VƏ İLK
TÜRK DÖVLƏTİ
tarixində
dərc edildi Fevral 20, 2012 by Bəxtiyar Tuncay
Bəxtiyar Tuncay
Məsəlnin
qoyuluşu.
Folklorşünas
alimlərimizin gərgin əməyi sayəsində ötən əsrdən etibarən ölkəmizin müxtəlif
bölgələrindən son dərəcə zəngin folklor materialı toplansa da, bu materialın
tarixçilərimiz tərəfindən nəzərə alınması və tədqiqatlara cəlb edilməsi istiqamətində
olduqca az iş görülmüşdür. Fikrimizcə, məsələnin bu şəkildə qoyuluşu
folklorşünaslığımız qarşısında yeni üfüqlr aça bilər. Bu isə öz növbəsində yeni
tədqiqat istiqamətlərini müəyyən edər.
İşin
məqsədi.
Bu
məqalədə məqsəd Azərbaycan ərazisindən toplanılan folklor materialının daşıdığı
informativ yükü qədim qədim tarixi qaynaqlar əsasında şərh etməklə, şifahi xalq
ədəbiyyatımızın köklərinin çox- çox qədimlrə uzandığını, bu yolla mənəvi mədəniyyətimizin də maddi mədəniyyətimiz
qədər qədim olduğunu sübut etməkdir. Lakin bu yeganə məqsəd deyil. Əgər deyilənə
nail olunarsa, Azərbaycanın aborigen əhalisinin pratürklər olduğu sübut edilmiş
olar ki, bu da məqaləmizin ən əsas hədəfidir.
Azərbaycanda
qurulan ilk türk dövləti, onun qurulma tarixi və ilk xaqanları haqqında dəqiq
söz söyləyə bilmək üçün yetərincə yazılı məlumat vardır. Lakin tədqiqatçılar bu
məlumatları nədənsə gözardı etmiş və ya onları ciddiyə almamışlar. Həqiqət isə
budur ki, bu məlumatlar müxtəlif minilliklərə və əsrlərə aid olsalar da
bir-biri ilə inanılmaz dərəcədə üst-üstə düşməkdə, bir-birini
tamamlamaqdadırlar. Həmin məlumatlara əsasən, Azərbaycanda xaqanlıq
institutunun təsisi və dövlətçilik tarixinin başlanğıcı Nuh tufanından sonraya
təsadüf edir və bilavasitə Nuh əleyhissəlamın adı ilə bağlanır. Azərbaycanın və
ümumiyyətlə türklərin ilk xaqanı kimi isə Həzrət Nuhun oğlu, samilərin Yafəs,
türklərin isə Olcay (və ya Bulca, Abulca) adı ilə tanıdıqları şəxsin adı çəkilir.
Vlll
əsrdə yaşmış alban tarixçisi Musa Kağankatlı özünün “Alban tarixi” kitabında
Yafəsin soyu və bu soyun hakimiyyəti altında olan torpaqlar barədə çox maraqlı
və qiymətli məlumatlar verməkdədir:
“Qardaşlar
Nuhun təkidi ilə bir-birini qarət etməyəcəkləri barədə and içdikdən sonra Nuhun
Yafəsə təyin etdiyi sahə şimalda Midiyadan Qadriona (əslində Qordiana, yəni
Kürdüstan olmalıdır – B.T) qədər uzanıb, Midiyanı Babildən ayıran Dəclə çayının
aşağı axarına çatırdı” (Kalankaytuklu, 1993, s. 14).
Bu
məlumatdan göründüyü kimi, Vlll əsr tarixçisi, Yafəsə verilən torpaqlardan söz
açarkən, Midiyanın adını çəkir. Midiya isə eramızdan əvvəl Vll – V əsrlərdə Azərbaycan
ərazisində mövcud olmuş dövlətin adıdır. Müəllif bununla sadəcə sözügedən əraziyə
işarə etmişdir. O, kitabının “Yafəs və Arandan başlayaraq lll Vaçaqana qədər Albaniyada hakim olan
hökmdarların siyahısı” adlı Vll fəslində
Yafəsi Albaniyanın, yəni Azərbaycanın ilk xaqanı kimi təqdim edir, ondan
hökmdar kimi söz açır. Kitabının ll fəslində, Yafəsin soyundan və bu soyun
hakim olduğu ölkələrdən danışarkən, Musa Kağankatlı yenə də Azərbaycanı birinci
sırada göstərir və ilk iki yerə Atropatena və Albaniyanı, yəni Azərbaycanın cənub
və şimalını yerləşdirir.
Ümumiyyətlə,
bu ardıcıllıq eyni mövzuya toxunmuş əksər xristian müəlliflərin əsərlərində də
müşühisə edilir. Bu baxımdan lV əsr tarixçisi Pamfilanın oğlu Yevseviyin
yazdıqları da maraq doğurur:
“…Bunlar
isə Nuhun üçüncü oğlu Yafəsin soyundan olan xalqlardır. Midiyadan Speriyaya,
okeandan Akvelona qədər onlar belə düzülmüşlər; midiyalı-lar, albanlar,
qarqarlar.., sarmatlar.., meotlar, iskitlər, tavriyalılar.., bastaranlar…
Yerləşdikləri
ölkələr isə bunlardır; Midiya, Albaniya, Meotiya, Sarmatiya, Taorvaniya, İskitlər
ölkəsi…” (Алиев., 1987, с. 100).
Bənzər
fikrə Portlu İppolitdə də rast gəlirik. O da Yafəs oğullarından söz açaraq
onların torpaqlarını sıralayarkən Midiya və Albaniyanın adını ilk sırada çəkir
(Алиев., 1987, с. 96).
XlX
əsrin görkəmli Azərbaycan tarixçisi və maarifçisi Abbasqulu Ağa Bakıxanovun
yazdığına görə,Yafəs türklərin ilk hökmdarı olmuşdur. O, Xlll – XlV əsrlər müəllifi
Həmdullah Müstövhi Qəzvininn “Tarixi-Qozide” və XV əsr müəllifi Xondəmirin
“Xülasətül-Əxbar” əsərlərinə istinad edərək, Yafəsin oğulları barədə ətraflı məlumat
vermiş, onun birinci oğlunun adının Türk olduğunu qeyd etmişdir (Bakıxanov,
1951, s. 31).
Yafəsin
şahlığının mərkəzi kimi Azərbaycan ərazisini göstərən xristian tarixçilərdən fərqli
olaraq, müsəlman tarixçilər bu mərkəz kimi “Şərq ölkələri və Türküstsnın” adını
qeyd etməkdədirlər. Bu baxımdan XlV əsrin böyük Azərbaycan tarixçisi Fəzlullah
Rəşidəddin və onun məşhur “Cami ət-Təvarix” əsəri də istisna deyildir:
“Türk
tarixçiləri və yüyrək dilli salnaməçilər bildirirlər ki, Nuh əleyhissəlam, –
Allah ona rəhmət eləsin, – yer üzünün adamlar yaşayan hissəsini oğlanları
arsında böləndə şərq ölkələrini, Türküstanı və ona yaxın yurdlarla birlikdə
böyük oğlu Yafəsə verdi. Yafəs türklərin təbirincə Olcay xan ləqəbini aldı. O,
səhrada yaşayırdı.
Olcay
xanın yaylağı və qışlağı Türküstan
torpaqlarında idi: Yaz aylarını o, İnanc şəhərinin yaxınlığında olan Ortaq və
Kurtaqda keçirir, qışlayanda isə yenə o tərəflərdə – Qaraqorum adı altında məşhur
olan Qaraqumdakı Borsuk adlanan yerdə olurdu. Həmin yerdə iki şəhər vardı: Biri
Talas, o biri Karı Sayram və bu sonuncu şəhərin qırx böyük qızıl qapısı vardı.
İndi orada müsəlman türklər yaşayır, həmin yer Kunçi mülklərinin
yaxınlığındadır və Kaydudan asılıdır… Olcay xanın paytaxtı da burada yeləşirdi”
(Rəşidəddin, 1992, s. 10)
Türklərin
mənşəyinin Nuhun oğlu Yafəsə bağlanması fikrində bütün yəhudu, xristian və müsəlman
mənbələri yekdildirlər. Bu baxımdan türkologiyanın atası hesab edilən Kaşğarlı
Mahmudun söylədikləri də maraqlıdır:
“Türklər
əslində iyirmi boydur. Onların hamısının soyu əleyhissalam Nuh peyğəmbərin oğlu
Yafəsə, Yafəsin oğlu Türkə qədər uzanır”
Olcay
xanın, yəni Nuh oğlu Yafəsin xaqanlığının mərkəzi barədə xristian və müsəlman
tarixçilərinin verdikləri məlumatlar ilk baxışdan bir-birindən fərqli görünsə də,
birincilərin daha düzgün məlumat verdiklərini söyləyə bilərik. Əslində müsəlman
tarixçilərin söylədikləri sələflərinin söylədiklərini inkar etmir. Məsələ
burasındadır ki, xristian mənbələrində, o cümlədən “Albaniya tarixi” kitabında
Azərbaycanın şimalı, yəni Albaniya həm də “Şərq ölkəsi” adlandırılır
(Kalankatuklu, 1993, s. 17-19, Fəzlullah
Rəşidddin də “Şərq ölkələri” ifadəsini işlədir. “Türküstan” ifadəsinə gəlincə,
bu ifadə müəyyən dövrdə Azərbaycanı da əhatə etmişdir və bunun ən gözəl sübutu
“Kitabi – Dədə Qorqud”dur. Bu əsərdə Həm Qazan xan, həm də Bayandır xan
“Türküstanın dirəyi” adlandırılırlar. Bu fikri başqa bir Azərbaycan tarixçisi
Əbu Bəkr əl – Tehrani əl – İsfahaninin “Kitabi – Diyarbəkriyyə” əsəri də təsdiqləyir
(Oğuz, Tuncay, 2009, s. 20). Həm yazılı mənbələr, həm də mövcud arxeoloji və
yerüstü abidələr bir-birini heyrətamiz şəkildə tamamlayaraq, Yafəsin (Olcayın)
atası Həzrət Nuhun yaşayış yeri kimi Azərbaycan ərazisinə işarə etməkdədir.
Deyilənlərin ən əsas və təkzibedilməz sübutu Həzrət Nuh əleyhissəlamın məzarının
Azəbaycanda, daha dəqiq desək, Naxçıvanda olmasıdır (Oğuz, Tuncay, 2009, s.
190).
Mahmud
Kaşğarlı da Azərbaycanı Türküstan, başqa sözlə, Turan sınırları içərisində göstərmişdir.
Bu barədə Zəki Vəlidi Toğan belə yazmışdır:
“”Oğuz”
dastanının əsas təməlini təşkil edən “Şu” və Tonqa Alp” rəvayətlərində, İran hökmdarları ilə hərb edikləri anladılan
xaqanların mərkəzi Çu hövzəsində Balasağun və şərqi Türküstandakı Kaşğar şəhərləridir.
Ancaq Azərbaycann şimalndakı Şabran ilə cənubundakı Qəzvin şəhərləri də bu
Tonqa Alpın (Əfrasiyabın) şəhərləri olaraq göstərilməkdədir”.
Həzrət
Nuh və tufan barədə ən qədim məlumata “Bilqamıs dastanı”nda rast gəlirik.
Tövrat və Qurani-Kərimdəki süjetlərlə, cüzi fərqlər nəzərə alınmazsa,
bü-tünlüklə üst-üstə düşən şumer süjetində sözügedən peyğəmbər Utnapişti adı ilə
yad edilməkdədir. Baş verənlər isə onun öz dilindən nəql edilir. Xatırladaq ki,
söhbət Tövratdakı süjetdən təqribən 2 min il daha qədim olan süjetdən gedir.
Tövratda
Nuhun gəmisinin yan aldığı dağın Anadolunun şərqindəki Ağrı dağı olduğu
bildirilir. Qurani – Kərimədə isə söhbət Cudi dağından gedir. ”Bilqamıs
dastanı”nda isə bu dağ Nisir dağıdır. Bu halda söhbət Naxçıvandakı Nəhəcir
dağından getməlidir. Azərbaycan rəvayətlərindən birində isə belə deyilir:
Nuhun
gəmisi öncə Cudi dağına, daha sonra Ağrı dağına yan alır, sonra Haçadağa
toxunub onun zirvəsini parçalayıb haçalayır və ən sonda Nəhəcir dağına ilişib
dayanır. Nuh gəmidən burada endiyi üçün əraziyə Nuhçıxan deyilir. “Naxçıvan” adı
da buradan yaranıb (Oğuz, Tuncay, 2009, s. 194).
Hər
halda, fakt budur ki, Nuhun qəbri Naxçıvandadır və minillərdir ki, xalq tərəfindən
ziyarət edilir. Nuhun Naxçıvanla bağlılığı barədə mötəbər mənbələrdən biri də l
– ll əsrlərdə yaşamış Roma tarixçisi Ptolomeyin yazdıqlarıdır. O, Nuhun
Nuksuanada, yəni Naxçıvanda yaşayıb burada öldüyünü, burada yerdən duz
çıxarmaqla məşğul olduğunu qeyd
etmişdir.
Maraqlıdır
ki, Naxçıvanda duz mağarası kimi tanınan və minillərdir duz çıxarılan mağarada
aparılmış arxeoloji tədqiqatlar burada duz istehsalına minillər öncə, yəni təqribən
Həzrət Nuh dövründən başlandığını göstərmişdir ki, bu da Ptolomeyin məlumatını
təsdiq edir. Üstəlik də Duzdağ ərazisində aparılan son arxeoloji tədqiqalar nəticəsində
məlum olub ki, həmin ərazi dünyada duzun ilk dəfə istehsal və tətbiq edildiyi ərazidir.
Deyilənlərə
Səlcuqlular dövründə peyğəmbərin qəbrinin üzərində sərdabə tikildiyini, sonrakı
əsrlərdə bir çox səyyahın bu sərdabəni ziyarət edərək, əsərlərində bu barədə
qeydlər etdiyini əlavə etmək lazımdır. Yəni bu şəxsin heç də mifik şəxsiyyət
deyil, real tarixi şəxsiyyət olduğu, fəqət sonrakı dövrlərdə ətrafında bir çox
miflər uydurulduğu heç bir şübhə oyatmır (Oğuz, Tuncay, 2009, s. 194).
Tədqiqatçı
Yusif Səfərov “Bir əfsanənin mənşəyi” adlı məqaləsində bölgədən toplanmış nümunələrin
qısa məzmununu təqdim etməklə tarixi bir araşdırma aparmış, xalq dilindən söylənilən
əfsanələrin şumer, akkad və yəhudi variantları arasındakı oxşar süjetlərin ilk
mənbəyini araşdırmağa çalışmış və qədim akkad dilində olan Şumer əfsanəsini ilk
mənbə kimi götürmüşdür. Naxçıvan toponiminin yaranmasını əfsanəyə bağlayan müəllif
sözün birinci tərkib hissəsi “Nax”ın Nuh sözünün fonetik variantı olması ilə əlaqələndirmişdir
(Səfərоv, 1982, s. 33).
Məlum
olduğu kimi, dünya tufanı haqqında Nuh əfsanəsi mifоlоji dünyagörüşü özündə əks
еtdirən, kеçmiş yaddaşdan qоpmağın mümkünsüzlüyünü göstərən fоlklоr nümunələrindən
biridir. Əfsanənin səyyar süjеtinin təsiri nəticəsində Yaxın və Оrta Şərq
xalqları arasında bir çоx variantlar yaranmışdır (Səfərоv, 1997, s. 33). Bu baxımdan Azərbaycan və onun bir guşəsi
olan Naxçıvan da istisna deyil.
S.H.Kramеr
tufan haqqında Babil mifinin mənbəyinin Şumеr əfsanələri оlduğunu bildirməkdədir
(Kрамер, 1965 с. 175). Qədim Şumеr mənbələrində və Bibliyada yеr alan Nuh əfsanəsi
ilə оxşar süjеt xəttinə malik оlan Azərbaycan fоlklоr nümunələrində də
yaradılışın Adəmdən sоnrakı ikinci təşəkkülü Nuhla bağlı təsəvvür olunur. Belə
nümunələrdən biri bu cümlələrlə başlayır:
Bir
gün Nuhun arvadı sırfa açıb xəmir yоğururdu. Durub təndirə оd salmaq istədi.
Duvağı qaldıranda quruyub qaldı. Təndir yarıya kimi suyla dоlmuşdu. Arvad gеdib
əhvalatı ərinə söylədi… (AFA NF, 1994 s. 67).
Əfsanələrdə
gəmi hazırlığında Nuh tək оlmur. Gəmi hazırlığında оnun köməkçisi Ac pəhləvan
xüsusilə sеçilir. Ac öz dоyumsuzluğu ilə ətraf kəndlərə, insanlara zərər
vеrirdi. Nuh Ac pəhləvanda xaraktеr dəyişikliyi еtməklə оnun mənəvi tərbiyəçisi
kimi çıxış еdir. Əfsanənin məzmunundan bеlə aydın оlur ki, Nuh Acı dоyuracağına
söz vеrir və bu sözünə еlə Acın öz əməyi ilə nail оlur. Əfsanəyə görə оn gün
mеşədə ağacları qırıb tökəndən sоnra Nuhun kəsdiyi öküzün bir budunu yеyib
dоyanda Acı təəccüb bürüyür. Bu nеcə mümkün оla bilərdi. Nuh isə pəhləvana
halal işin müqabilində dоya bildiyini dеyir və artıq Ac pəhləvan haramdan,
оğurluqdan əl çəkir. Nuh halallığın dоğru yоlunu оna göstərir. Xalq оna məlum
оlan pеyğəmbərlik, yəni sеçilmişlik kеyfiyyətini əfsanədə məhz tərbiyəçi
kоntеkstində təqdim еdir. Əfsanədə Nuhun gəmisi, sənətkarlıqda mahir оlan yеddi
usta tərəfindən bir aya hazırlanır.
Məshəti
İsmayıl Rüstəm qızının fikrincə, əfsanədə zaman xüsusi əhəmiyyət daşıyır. Çünki
Nuh Nəbi tufanın başlanma vaxtını bilmirdi. Vaxtın çatdığını Nuha arvadı xəbər
vеrir. Tufanın ilkin əlaməti arvadının xəbər vеrdiyi kimi, təndirin yarıya kimi
suyla dоlması idi. Əfsanədə dеyilir ki, Nuhun arvadı üç aylıq azuqə götürür.
Nuh da ailəsini və hər hеyvandan bir cüt götürüb gəmiyə minir. Yalnız
оğlanlarından biri “mən uca dağın başına çıxaram” dеyərək Nuha itaət еtmir.
Qırx gün qırx gеcə yağış yağır bütün canlıları tələf еdir (İsmayıl Rüstəm qızı,
2008, 121-122).
“Nuhdaban”
əfsanəsinə görə Nuhun gəmisi Gəmiqayada quruya оturur. Nuhun оğulları uca-uca
dağların оd tutub yandığını görəndə dəhşətlə bağırırlar: “Aman Tanrı! Günahımız
nədi ki, indiyədək tufanda qaldıq, indi də оd-alоva düşmüşük. Amma bu qоrxu çоx
çəkmədi, gördülər ki, оd-alоv оnları yandırmır. Yaşıl çəmənə, gülə, çiçəyə də
tоxunmur (AFA NF, 1994 s. 70).
Məshəti
İsmayıl Rüstəm qızı yazır:
“Yanan
dağların biri Gəmiqaya, biri Ilandağ, biri Ağrı dağı idi. Nuh Nəbi оğlanlarına
gördükləri оdun möcüzəli оlduğunu dеyərək bu arada yurd salmağı nəsihət еdir,
bu üç dağın оnlara qüvvət, bərəkət vеrəcəyini, yağıdan, şərdən qоruyacağını
dеyib dayandığı yеrdən bir addım irəli atır. Ilk əvvəl dabanı yеrə dəydiyinə
görə bura “Nuhdaban” dеyirlər. Оğulları isə Nuhun sözünə əməl еdərək həmin yеrdə
yurd salır. Göründüyü kimi, üçüncü mərhələdə yеni başlanğıc, tоrpağın möcüzəsi,
Nuhun оğullarına nəsihəti, Nuhun adlandırmaları və qanunauyğunluğun dəyişilməsi
mоtivi var. Bеlə ki, mоzalan və qaranquşun fоrma dəyişikliyi, yaxud insana
qarşı təhlükənin ilk оlaraq qaranquşun anlaması, pеyğəmbərlik missiyasını yеrinə
yеtirən Nuhun hər üç mərhələdə canlı və cansız varlıqlarla kоsmоlоji əlaqəsi
bütün mətnlərdə əks оlunmuşdur. Əslində üçüncü mərhələdəki arxaik məzmun
kеyfiyyət еtibarilə özündən əvvəlkilərin davamıdır. «Nuh tufanı» əfsanəsinin
ikinci mərhələsində, yəni tufan bölümündə gəmi və xilas оlanlara qarşı təhlükə
gəminin özündə baş vеrir. Rеal təhlükə hеyvanlara xas xüsusiyyətlə bildirilir”
(İsmayıl Rüstəm qızı, 2008, 122-123).
Yazılı
və şifahi ədəbi nümunələrdə rast gəldiyimiz adqоyma ənənəsini özündə yaşadan
“Nuh tufanı” əfsanəsinə görə, Ağrı, Ilandağ, Kəmki dağlarına adları məhz Nuh Nəbi
vеrmişdir:
…Su
qalxdı, dünyanın üzünü almağa başladı. Gəmi də suyun üzünə qalxdı… Günlər, həftələr
dоlandı. Gəmi bir gün nəyəsə tоxunub kеçdi. Gövdəsi bərk yırğalandı. Nuh Nəbi
bildi ki, gəmi dağa tоxundu.
-Pəh,
nə ağır dağdı- dеdi. Başından hеç qarın əskik оlmasın.
Оdu-budu,
dağın adı «Ağrıdağ» qaldı. Başından da qar əskik оlmadı. Bir həftə də kеçdi. Gəmi
yеnə silkələndi. Nuh Nəbi gəmidəkilərə:
-Bu
da inan dağdı,- dеdi.
Bu
dağın da adı «Inandağ» оldu. Zirvəsi də zərbədən iki yеrə
haçalandı.
Gəmi səfərə davam еtdi. Bir az gеtmişdilər ki, təkrar silkələndi. Nuh gəmidəkilərdən
sоruşdu:
–
Bu dağ о dağdan kəm ki dеyil? Dağın adına «Kəmki» dеdilər… (AFA NF, 1994, s.
67-68).
Məshəti
İsmayıl Rüstəm qızının yazdığına görə, zamanla «Inandağ» sözü fоnеtik dəyişikliyə
uğrayaraq “Ilandağ” kimi tələffüz оlunmuşdur:
“Əfsanədən
göründüyü kimi, Naxçıvanın çеvrəsində dağ adlarının Nuhla bağlanması dağa və
dini dəyərlərə xalq inamının nəticəsidir. Türk xalqlarının təfəkküründə dağa,
daşa inamın mövcudluğu bədii yaradıcılıq nümunələrində gеniş şəkildə əks
оlunur. Qеyd еtdiyimiz kimi, kеçmişdən bu günədək yaşayan adət-ənənələrə görə
yеni dоğulan körpəyə böyüklər ad qоyar, müqəddəslər və ulular hər bir şеyə
(canlı və cansız varlıqlara) ad vеrər, alqış – qarğış söyləyərlər. Bu xüsusda
qеyd еtmək lazımdır ki, Nuh əfsanələrində adlar müəyyən əlamətlər nəzərə
alınmaqla Nuh Nəbi tərəfindən vеrilir. Buna bənzər еpizоd «Kitabi-Dədə Qоrqud»
dastanında da vardır.
Tufandan
sоnrakı ikinci törəyiş Nuhun оğulları ilə başlayır. Tarixi saxtalaşdırmaqdan çəkinməyən
еrmənilər Naxçıvanı və hətta Nuh əlеhissəlamı еrməniləşdirməyə cəhd еdirlər.
Lakin tarixi faktlar, çоxsaylı fоlklоr mətnləri, türk dilinin xüsusiyyətləri bu
iddiaları təkzib еdir. Sözlərin mənşəyini
adları tədqiq еdən alim Firudin Rzayеv Nuhun övladı Yafəsi (Yafəti) özlərinə
baba sayan еrmənilərdə bunu xatırladan hеç bir ada rast gəlinmədiyini, əksinə
türklərdə Yafət, Yafəz, Yafəs kimi adların çоxluğunu bir fakt kimi irəli sürür.
Akadеmik Isa Həbibbəyli bütövlükdə Naxçıvan sözünün «Nuhçıxan» ifadəsi ilə
bağlı оla biləcəyini bildirmişdir” (İsmayıl Rüstəm qızı, 2008, 119-120).
İkiçayarasında
uzun müddət arxeoloji qazıntılar aparmış və şumerlərin qədim Ur şəhərinin
qalıqlarını üzə çıxarmaqla məşhurlaşmış görkəli amerikalı arxeoloq Leonard
Vulli qazıntılar zamanı “Nuh tufanı” nın izlərini aşkarlamış və beləcə, sözügedən
olayın mif olmadığını sübut emişdir. Deməli, Həzrət Nuh gerçək tarixi şəxsiyyət
olduğu kimi, tufan da qədimdə baş vermiş gerçək bir hadisədir.
Madam
ki, bu belədir, deməli, xristian və müsəlman tarixçilərin Yafəsin türklərin ilk
şahı olması və böyük bir dövlətə başçılıq etməsi barədə söylədiklərinə tam
ciddi yanaşmaq lazımdır. Həmin mənbələr bu dövləti dünyann ilk dövləti kimi təqdim
edir. Təsadüfi deyil ki, qədim şumer mənbələri
ölkəmizin ərazisində mövcud olan və Şumer dövləti ilə iqtisadi-siyasi əlaqələr
saxlayan bir dövlətdən söz açmaqdadır. Söhbət mixi yazılarda Aratta adı altında
yad edilən və Şumer ilə eyni dövrdə mövcud olmuş qədim bir dövlətdən gedir
(Oğuz, Tuncay, 2009, s. 195-196).
Görkəmli
Azərbaycan alimi, qədim Şərq tarixinin gözəl bilicisi, mərhum Yusif Yusifovun
yazdığına görə, eramızdan əvvəl lll
minillikdə Azərbaycanda dövlət qurmlarının meydana gəldiyi müşahidə
olunur:
“Cənubi
Azərbaycan İkiçayarasına yaxın bir ərazidə yerləşirdi. İkiçayarası-nın qədim Azərbaycan
tayfaları ilə erkən siyasi münaqişələri və iqtisadi əlaqələri Şumer-Akkad mixi
yazılarında əks olunmuşdur. Bu qaynaqlar göstərilən hadisələrlə əlaqədar Aratta
ölkəsini, kuti, lullu və su tayfalarını
yad edir. Uruk şumer şəhər – dövləti
Aratta ilə iqtisadi əlaqələr yaratmaq və hətta ölkəni özünə tabe etmək istəyirdi.
Akkad hökmdarları kuti və lullu tayfalarının İkiçayarasına müdaxiləsinə qarşı
mübarizə aparırdılar. Şumerlər və akkadlar Cənubi Azərbaycan, onun təbii sərvətləri
barədə müəyyən təsəvvürə malik idilər” (Azərbaycan tarixi, 1994, s. 61).
Aratta
dövləti Azərbaycan ərazisində yerləşirdi. Şumer və Aratta dövlətləri arasında əlaqələr
“En – Merkar və Aratta hökmdarı”, “En – Merkar və En-Sukuşsiranna”, “En –
Merkar və Luqlbanda”, “Luqalbanda və Hurrum dağı” kimi bir neçə şumer
dastanında əks olunmuşdur. Sözügedən dastanların və digər mənbələrin təhlili
Arattanın ərazisinin Cənubi Azərbaycanın ərazisi ilə üst-üstə düşdüyünü, onun cənub
sınırlarının Qəzvin və Həmədandan keçdiyini söyləməyə əsas verir (Azərbaycan
tarixi, 1994, s. 61).
Aratta
Cənubi Azərbaycanda miladdan öncə lll minilliyin birinci yarısında, bəlkə,
ondan da qabaq meydana gəlmiş ilk dövlət qurumu idi. Bu dövlətin Şumer dövləti
ilə diplomatik, siyasi və iqtisadi əlaqələri ümumdünya beynəlxalq diplomatiya,
siyasət və iqtisadi əlaqələr tarixinin
başlanğıc nöqtəsidir. Aratta və Şumer şahları arasındakı yazışma isə
tarixin ilk diplomatik sənədləridir. Həmin
sənədlərin məzmunu şumer mixi kitabələri sayəsində dövrümüzədək ulaşmışdır.
Mixi
yazılardan belə aydın olur ki, Şumerə hökmranlıq edən, Uruk sülaləsindən olan
En-Merkar, bugünkü dillə desək, Merkar (Berkə) xan Aratta xanından Uruka tabe
olmağı tələb etmiş, Aratta xanı da öz növbəsində Uruku və bütün Şumer şəhərlərini
özünə tabe etmək üçün tədbirlər görmüşdür. Mənbələrin məlumatına görə, Şumer
xanı Arattanı ziyarət etmiş, bu iki dövlətin başçıları arsında daim məktublaşma
aparılmış, sami tayfalarının Şumerə hücumları zamanı Merkar xan Aratta xanına
kömək üçün müraciət etmiş, o da Şumerdən yardım əlini əsirgəməmişdir. Hətta
Şumerin dağıdılmış məbədlərini bərpa etmək üçün ora tikinti materialları və sənətkarlar
göndərmişdir.
Arattada
çoxtanrıcılıq mövcud idi. Şumerdə olduğu kimi, Arattada da İninni və Utu
kultları geniş yayılmışdı. Məhsuldarlıq və çobanlar tanrısı Dumuzi də böyük hörmət görməkdə idi.
Lama adlı bir tanrıya sitayiş edildiyi barədə də məlumat var (Oğuz, Tuncay,
2009, s. 197-198).
Zəngin
yeraltı faydalı sərvətləri olan Arattanın əhalisi qızıl, gümüş, qurğuşun, mis,
dağ daşı, lacivərd istehsal edirdi. Qiymətli metallardan hazırlanan əşyalar və
lacivərd Şumerə ixrac edilirdi.
Şumer
mətnləri bizə təkcə Azərbaycan ərazisində mövcud olmuş ən qədim dövlət, onun mədəniyyəti,
iqtisadiyyatı və xarici siyasəti barədə deyil, həmçinin Arattanın dövlət
quruluşu barədə də çox önəmli məlumat verməkdədir. Bu mətnlərdən göründüyü
kimi, Arattanı ali kahin (qam, şaman) idarə edirdi. Bu isə dövlətin teokratik
yapıya sahib olduğuna dəlalət edir. Ən maraqlı məlumat isə odur ki, Arattada
parlament tipli bir şura da mövcud olmuş və hökmdar bəzi hallarda həmin şuranın
fikrinə də müraciət etmişdir. Bu barədə Y. Yusifov yazır:
“Şumer
ilə Aratta arasında siyasi rəqabət gücələnirdi. Aratta hökmdarı En-Sukuşsiranna
En-Merkarın onu ali hökmdar kimi tanımasını tələb edir. En-Merkar isə ona əks tələb
göndərir. Belə olduqda En-Sukuşsiranna şuranı toplayır. Şura üzvləri ona
En-Merkara tabe olmağı məsləhət görürür. Aratta hökmdarı bu təklifi rədd edir…”
(Azərbaycan tarixi, 1994, s. 65-66).
Şumer
mənbələrindən göründüyü kimi, Azərbaycan ərazisində hələ e.ə lll minillikdə
parlament tipli bir qurum da olmuşdur ki, bu qurumu dünya parlamentarizm
tarixinin başlanğıc nöqtəsi kimi qəbul etmək olar və lazımdır. Fəqət hökmdarın
bu qurumun təklifini rədd etməsi onun hüquqlarının məhdudluğuna dəlalət edir.
Bununla belə, Şumer – Akkad mənbələri sübut edir ki. Artıq e.ə lll minillikdə
ölkəmizin ərazisində dövlət başçısının seçilməsi, özü də bəlli bir müddətə
seçilməsi praktikası da mövcud
olmuşdur. Üstəlik də əcdadlarımız bu praktikanı hakimiyyətləri altına aldıqları
Şumer və Akkad ərazisində də tətbiq etmişlər.
Yuxarda
söylənilənlrdən belə aydın olur ki, Azərbaycan ərazisində mövcud olmuş ən qədim
türk dövlətiylə, yəni Aratta ilə qədim Şumer dövləti arasında sıx iqtisadi,
siyasi, diplomatik və mədəni əlaqələr mövcud olmuş, hər iki dövlət eyni
tanrılara sitayiş etmişlər. Türklərin sitayiş etdikləri Tenqri qədim Şumerdə
Dingir adı ilə məşhur idi. Bundan başqa hər iki ölkədə türklərin Odu və ya
Qodu, şümerlrin isə Utu dedikləri eyni günəş tanrısına və türklərin Umay, Umay
Nənə, Umay Ene (Ana) və ya da sadəcə Ana və ya Nənə, şümerlrin isə İninni və ya
İnana adlandırdıqları doğum və bərəkət ilahəsinə sitayiş edilmişdir. Əldə olan
şumer mətnləri bu günə qədər Azərbaycanda yaşamaqda olan bəzi inanc və adətlərin
Şumerdə də mövcud olduğunu göstərməkdədir (Azərbaycan tarixi, 1994, s. 65-66).
Maraqlıdır
ki, ölkəmizin ərazisində kökü minilliklərin dərinliklərinə, daha dəqiq desək, ən
azı Eneolit dövrünə qədər uzanan “yağış çağırmaq” ovsunu Aratta dövləti dövründə
(e.ə lll – ll minilliklərdə) də davam etmişdir ki, bu barədə şumer mətnləri xəbər
verməkdədir. Həmin mətnlərdən aydın olur
ki, Aratta əhalisinin həyatında əkinçilik önəmli yer tuturdu. Burada dəmyə əkinçiliyi
geniş yayılmışdı. Əkin sahələrinin məhsuldar olması isə yağışın yağıb –
yağmamasından asılı idi. Əsasən taxıl və noxud əkən Aratta əhalisi quraqlıq
zamanı kahinə (şamana) müraciət edir, o da ovsun oxumaqla yağışın
yağmasını təmin edirdi. Bu, şümer mixi
kitabələrinin birirndə öz əksini belə tapmışdır:
“Tanrıların
ali kahini İşkur göyü guruldadır, ildırım çaxdırır, dağlara lərzə salır və
yağış yağdırır. Bu zaman buğda və noxud göyərir… yetişən buğdanı anbara…
Arattanın ali kahini üçün gətirir və sarayda onun qabağına tökür…” (Azərbaycan
tarixi, 1994, s. 66).
Burada
ən qədim türk inanc və adətlərinin izinə rast gəlirik.
Şumer
mənbəyində haqqında bəhs edilən olay bu ənənənin köklərinin ən azı lll minilliyə
və Azərbaycan (Aratta) ərazisinə uzandığını sübut edir. Arxeoloji qazıntılar nəticəsində
isə məlum olmuşdur ki, ölkmizin ərazisində bu inam və adət hələ Eneolit dövründə
(e.ə. Vl – lV minilliklər) mövcud olmuşdur. Xatırladaq ki, arxeoloq H. Cəfərovun
yazdığına görə, Azərbaycanın Eneolit əhalisinin
həyatında dini ayin və ovsun mərasimləri də müəyyən yer tuturdu. Qarğalar təpəsində
kiçik çalada tapılmış və odun təsirindən qaralmış daş topasını tədqiqatçılar
quraqlıq zamanı yağış “çağırmaq”mərasimi ilə bağlayırlar (Azərbaycan tarixi,
1994, s. 32).
Şumer
mənbələri Arattanın mədəni səviyyə baxımından Şumerdən üstün olduğunu, bu üzdən
də Şumer hökmdarı En – Merkarın (Merkar xanın) öz ölkəsində məbədlər tikdirmək
üçün arattalı ustalara ehtiyac duyduğunu
əks etdirməkdədir. Həmin mənbələrə görə, Şumer hökmdarı Aratta sənətkarlarına
sahib olmaq üçün İniniyə (Umay Nənəyə) dua edərək deyərmiş :
“Xanımım
İnini, (Aratta adamları) qoy mənə Urukda qızıl və gümüşü ustalıqla emal etsinlər,
təmiz lacivərd parcalarından, qızıl – gümüş qatışığındn, təmiz lacivərddən…
Urukda, açıq təpədə, sən yaşadığın “Anşan evində” qoy (məbəd) tiksinlər. İşıqlı
Giparın (İnini və kahinlərin yaşadığı ibadətgahın) ortasını, sən yaşadığın yeri
Aratta (adamları) qoy mənim üçün bəzəsin… Aratta adamları dağlarından dağ daşı
gətirsinlər, qoy mənim üçün böyük ibadətgah ucaltsınlar. Böyük məbədi,
(tanrılar) məbədini qoy parıldatsınlar. Mənim ayinlərimi kulabda qoy mənim üçün
qoy düzgün ifadə etsinlər. İşıqlı dağa bənzər “abzu”(hovuz, şəlalə,
fontan) qoy mənim üçün qursunlar, (meşəli)
dağa bənzər “eredu” mənim üçün qoy təmizləyib hazırlasınlar…” (Azərbaycan
tarixi, 1994, s. 65-66).
Bu
mətndən gördüyümüz kimi, Şumer şahı təkcə məbədlər tikmək üçün yox, həm də dini
ayinləri düzgün ifa etmk üçün arattalılara ehtiyac duymuşdur ki, bu da dolayısı
ilə şumerlərin Arattanın dini təsiri altında olduğunu və ya hər iki ölknin eyni
dini görüşləri paylaşdıqlarını göstərir.
Başqa bir mətndən isə belə aydın olur ki, hər iki ölkədə eyni dil və eyni
yazıdan istfadə olunurdu. Həmin mətdə şumer qasidinin En – Merkarın məktubunu
Aratta hökmdarına (ali kahininə) gətirməsindən söz açılır və deyilir:
“Arattann
ali kahini bişmiş gili (mixi kitabəni)
elçidən aldı…, gilə baxdı, sözlər mismar kimi qalxdılar” (Azərbaycan
tarixi, 1994, s. 64).
Musa
Kağankatlı özünün “Albaniya tarixi” kitabında qeyd edir ki, Yafəsin
oğullarından olan Kimerdən (Qamerdən) kimmer (qamer) xalqı törəmişdir:
“Yafəsin
oğulları budur: Homer (Kimer) – hamirlər (kimmerlər) onun nəslindəndirlər…” (Kalankaytuklu, 1993, s. 14-15).
Kimmerləri
e.ə. Vlll əsrin Azərbaycan və Ön Asiya sakinləri kimi göstərən mixi kitabələrdən
fərqli olaraq Herodot e.ə. V srdə onlardan Qara dənizin quzey sahillərinin
sakinləri kimi söz açmaqdadır. Tarixin atası eyni zamanda onların bu əraziyə
iskitlərin təzyiqi ilə Araz çayı sahillərindən köç etməyə zorlandıqlarını
bildirməkdədir. Belə hesab olunur ki, bu etnik qrup guya Güney Qafqaz və Ön
Asiyaya Quzey Qafqzdan Daryal keçidini keçərək gəliblərmiş, yəni onlar Azərbaycan
və Ön Asiyanın avtoxton əhalisi deyilmiş. Bu fikrin doğru olmadığını irəlidə
göstərəcəyik. Hələliksə qeyd edək ki, onların Araz çayını keçərək e.ə. 715-ci
ildə Urartu ordusunu darmadağın etdikləri və Urartunu tutduqları dəqiq məlum
olan faktdır (Меликашвили, 1954, c. 278-281).
Kimmerləri
“qamira” adlandıran aşşur mənbələri onlardan Manna, yəni Azərbaycan sakinləri
kimi söz açmaqda və onların hökmdarı Tuqdammenin (Toxtamışın) adını çəkməkdədirlər.
(Гейбуллаев, 1991, c. 327-219). Rus və bəzi
Avropa elmi ədəbiyyatında yayğın olan fikrə görə bu xalq irandilli idi
(Дьяконов, 1951, c. 239-241). Lakin əldə olan təkzibedilməz dəlillər bunun əksini
sübut etməkdə, kimmerlərin türkdilli olduqlarını birmənalı şəkildə ortaya
qoymaqdadır. Dünyaya “İlliada” və “Odiseya” kimi iki nəhəng poema bəxş emiş
Homer bu xalqdan “at südü sağanlar” kimi bəhs etmişdir (Homer. İlliada, Xlll,
1). At südünü sağanların və ondan kımız hazılayanların isə məhz türk xalqları
olduğu bəllidir. İrandillilər içərisində belə hala rast gəlinməmişdir.
Erkən
orta əsrlər tarixçisi Prokopiyanın dedikləri isə əvəzsiz mənbə hesab edilə bilər:
“…Saqinlərdən
sonra ölkədə çoxluq təşkil edən Meotiy bataqlığından Tanais çayının bataqlığa
tökülən yerinə qədər çoxlu hun tayfaları yerləşmişlər. Burada yaşayan xalqları
qədimdə kimmer, indi isə utiqur adlandırırlar” (Oğuz, 2002, s. 20; Гейбуллаев,
1991, c. 96-97).
Prokopiyanın
verdiyi məlumatdan göründüyü kimi, hun türkləri, o cümlədən hunların bir qolu
olan utiqurlar qədimdə kimmer adlanmışlar. Bu isə o deməkdir ki, kimmerlərin
türklüyü antik müəlliflərdə heç bir şübhə oyatmamışdır.
Hun
soylarından olan utiqur və kutriqurların mənşəyi ilə bağlı bir əfsanə də eyni
fikri təsdiqləyir. Bahəddin Ögəl özünün “Türk mifologiyası” kitabının Avropa
hunlarının maralla bağlı əfsanələrindən söz açan bölümündə həmin əfsanəni də təqdim
edir:
Vaxtilə
Kimmer kralınn Kutriqur və Utiqur adlı iki oğlu var imiş. Günlərin birində bu
iki uşaq ov etmək üçün çölə çıxır. Ov axtardıqları zaman dişi bir marala rast gəlir
və maral qovmağa başlayırlar. Maral qaçır, uşaqlar qovurlar və ən nəhayət bir dənizin
kəmarına gəlirlər. Uşaqlar maralı dənizə sıxışdırıb vurmaq istəyirlr, lakin
maral dənizə atılıb üzməyə başlayır. Uşaqlar da üzə – üzə maralın dalınca
gedirlər. Maral qabaqda, uşaqlar da arxasında sahilə çıxırlar. Uşaqlar quruya
ayaq basan kimi maral yoxa çıxır (Ögəl, 2006, s. 575).
Hun
türklərinin genezisi ilə bağlı bu əfsanə sözügedən xalqın Anadoludan Şərqi
Avropaya gəldiklərini, soy ağaclarının kimmerlərdən, deməli, Azərbaycan və Şərqi
Anadoludan cücərdiyini söyləməyə tam əsas verir.
Musa
Kağankatlının “Albaniya tarixi”ndə yazılanlara əsasən, Azərbaycanda xaqanlıq
institutunun təsisi və dövlətçilik tarixinin başlanğıcı Nuh tufanından sonraya
təsadüf edir və bilavasitə Nuhun adı ilə bağlanır. Azərbaycanın və ümumiyyətlə
türklərin ilk xaqanı kimi isə Həzrət Nuhun oğlu, samilərin Yafəs, türklərin isə
Bulca (Abulca, Olcay) adı ilə tanıdıqları şəxsin adı çəkilir:
“Qardaşlar Nuhun təkidi ilə bir-birini qarət
etməyəcəkləri barədə and içdikdən sonra Nuhun Yafəsə təyin etdiyi sahə şimalda Midiyadan
Qadriona qədər uzanıb, Midiyanı Babildən ayıran Dəclə çayının aşağı axarına
çatırdı” (Kalankaytuklu, 1993, s. 14).
Yuxarıda qeyd etdik ki, Musa Kağankatlının
yazdığına görə, Yafəsin oğullarından biri Kimer idi və kimmerlər onun
soyundandır (Kalankaytuklu, 1993, s. 14-15).
Müəllif
eyni zamanda kimmerlərin soy babası olan Kimeri Azərbaycanın (Albaniyanın) Yafəsdən
sonrakı ikinci xaqanı kimi təqdim edir.
1933-cü
ildə Aşşurbanipalın (e.ə.668-663) Ninəviyyədəki İştar məbədindən tapılmış mərmər
lövhə üzərindəki yazısında başqa yazılardan kimmerlərin xaqanı kimi tanınan
Tuqdamme (Toxtamış) “Saka ölkəsi”nin və ya sakların hökmdarı kimi təqdim
edilir. Mətnin naşiri R.Tompson “saka” (sak) ifadəsindən sonra gələn mixi işarəni
özünəməxsus şəkildə şərh edərək, bu halda hansısa fərqli sak boyundan söhbət
getdiyi fikrini əsaslandırmaq istəmişdir. Lakin sonralar X. Tadmor iddia etdi ki, ifadəni “Saka və
Qutium” (Qutium ölkəsi, kutilər ölkəsi) kimi oxumaq lazımdır. Onun fikrincə,
yazıdan belə çıxır ki, kimmelərin öndəri Tuqdamme Aşşur mənbələrindən Manna ilə
bağlı olduqları məlum olan sakların üzərində də hökm sahibi imiş (Грантовский,
1960, c. 84).
Herodotun
yazdıqlarından belə anlaşılır ki, kimmerlərin bu bölgədəki hakimiyyətinə
hansısa iskit tayfası son qoymuş, onları Araz çayını keçərək öncə Qara dənizin
cənub sahillərinə, daha sonra isə şimal sahillərinə sıxışdırmışdır. Tarixin atasının yazdığına görə, iskitlər
Araz çayı sahilində yaşayırdılar. Onlar Araz çayını keçib kimmerlər ölkəsinə gəldilər
və onları təqib etməyə başladılar (Гасанов, 2000, c. 24). Lakin mütəxəssislər həmişə
nədənsə iskitlərdən Azərbaycana gəlmə xalq kimi söhbət açmışlar. Halbuki,
arxeoloji faktlar da, ən qədim yazılı mənbələr də iskit və iskit-sakların ilkin
vətəninin məhz Azəbaycan və Ön Asiya olduğunu göstərməkdədir.
Musa
Kağankatlı Yafəsin övladlarından, yəni oğullarından və nəvələrindən danışarkən,
Əşkinazın (Aşkenaz, Askenaz) da adını xüsusi vurğulayaraq sarmatların onun
soyundan olduqlarını qeyd etmişdir:
“Tirasın
oğulları bunlardır: Əşkinaz – sarmatların cəddidir…” (Kalankaytuklu, 1993, s. 15).
Əsərlərində
iskit və saklara önəmli yer ayırmış Strabon (e.ə.63-b.e.23) iskitləri əsasən
iki yerə: roksolanlara və sarmatlara bölmüş, ikncilərin isə çar sarmatları və
kaziq sarmatlarından ibarət olduqlarını vurğulamışdır (Гасанов, 2000, c. 51).
İosif Flaviy (l əsr) də sarmatlardan iskit tayfalarından biri kimi söz açmaqda,
onların Romaya hücumlarından danışdığı yerdə “iskitlərin sarmat adlanan hissəsi”
ifadəsini işlətməkdədir (Гасанов, 2000, c. 53).
Yuxarıda
qeyd etdiymiz kimi, Strabona görə, sarmatların bir bölümü “sarmat -kaziqlər, yəni
sarmat-qazaxlar adlanmışlar. Maraqlıdır ki, qazax xalqının etnogenezində
iştirak etmiş soylardan biri də sarmatlar olub (Абромзон, 1960, 116). Antik müəlliflərin
fikrincə, sarmatlar iskitlərlə amazonkaların izdivacından törəmişlər və iskit
dilində danışırdılar. Bu müəlliflərin yazdığına görə, sarmatlar Qara dəniz
iskitlərindən və Don çayından şərqdə məskun idilər. Eyni mənbələrin təhlilindən
belə aydın olur ki, onların torpaqları bugünkü Rusiyanın Kalmıkiya, Həştərxan,
Stavropol və Rostov bölgələrini əhatə edirdi. Antik müəlliflərin bəziləri
sarmatları “savromat” da adlandırmışlar. Məsələn, Herodot “savromat” yazdığı
halda, eradan əvvəl lV əsrdə yaşamış Skilak Karianidli “sarmat” ifadəsini işlətmiş,
Ovidiy Nazon isə hər iki addan istifadə etmişdir. Pliniy isə yunanların
sarmatları “savromat” adlandırdıqlarını bildirmişdir (Гейбуллаев, 1991, c.
329-330).
Diodor
Siciliyalı və Pliniyin bildirdiklərinə görə, sarmatlar Midiyadan, yəni Cənubi
Azərbaycandan iskitlər tərəfindən köçə zorlanmışlar. Elə bu səbəbdən də bəzi
antik müəlliflər sarmatları midiyalılarla, yəni madaylarla eyniləşdirmişlər. Məsələn,
Pliniy və Yuliy Solin sarmatları midiyalıların törəmələri hesab etmişlər.
Pliniy türkləri sarmatların bir qolu saymış, Pomponiy Mela isə türklərlə
sarmatların qonşu olduqlarını yazmışdır. Eradan əvvəl ll əsr müəllifi Dionisiy
Pereqet isə sarmatları hunlarla eyniləşdirmişdir. Fakt isə budur ki, qıpçaq mənşəli
qazax soylarından biri də sarmatlardır və onlar qazaxların içərisində “şermat”
və “sarmat teleu” adları ilə məşhur idilər (Гейбуллаев, 1991, s. 329-330, 334).
Bu fakt qədim Atropatenanın paytaxtının nədən Kazaka (Qazax) adlandığını başa
düşməmizə və nədən qıpçaq elementinin
oğuz mənşəli Azərbaycan türkcəsində
xüsusi bir plast təşkil etdiyini başa düşməmizə yardımçı olur.
Maraqlıdır
ki, bəzi antik müəlliflərin sarmatların soy babaları saydıqları maday xalqının
da qazaxların etnogenezində iştirak etdikləri məlumdur.
Müqəddəs
“Tövrat” kitabında Yafəsin oğullarından söz açılarkən, onlardan birinin Maday
olduğu bildirilir. Eradan əvvəl lX-Vlll əsrlərə aid mixi yazılarda Madayın
soyundan gələn xalqdan – maday xalqından və eradan əvvəl Vll-Vl əsrlərə aid
mixi yazılarda isə bu xalqın Azərbaycanda qurduğu Madayya dövlətindən söhbət
açılır. Qədim yunan müəllifləri, o cümlədən eradan əvvəl V əsrdə yaşamış
Herodot bu dövləti Midiya dövləti, xalqını isə midiyalılar kimi qeyd etmişlər.
Məlumat
üçün bildirək ki, Azərbaycanda formalaşan digər türk soy və boyları kimi
madayların da izlərinə sonrakı əsrlərdə Türküstanda rast gəlirik. Sonralar
hansısa səbəbdən Azərbaycanı tərk edən bu qədim türk soyu qazax türklərinin
etnogenezində yaxından iştirak etmişdir. Qazax xalqını təşkil edən türkdilli
soylardan biri də madaylar olmuşlar (Востров, Муканов, 1968, c. 118). Azərbaycanda
yaşayan və sonradan qazaxların, qırğızların, özbəklərin, eləcə də
qaraqalpaqların etnogenezində yaxından iştirak etmiş soylardan biri də
albanlardır (Велиханов, lV, c. 326;
Abramzon, 1960, c. 66, 82; Кармышева, 1954, c. 16, tablo 2; Жданко, 1950, c.
41). Yafəsin soylarından biri olan albanların adı yazılı mənbələrdə miladdan
sonrakı mənbələrdə qeyd edilsə də, onlar eradan əvvəl lV əsrdə baş vermiş
olaylarla əlaqədar yad edilirlər.
Azərbaycandan
iskitlər tərəfindən köçə zorlanan və Şimali Qafqaz ərazisində məskunlaşan
sarmatlar hunlar tərəfindən darmadağın edildikdən sonra bir neçə istiqamətə
yayılmışdılar. Bunların bir hissəsi Qazaxıstan ərazisinə köçərək qazax xalqnın
etnogenezində yaxından iştirak emiş, ikinci bir hissəsi Fransa və İspaniyaya
mühacirət edərək uzun müddət bu ərazidə hökm sürmüşlər. Ücüncü qrup isə
Britaniya istiqamətinə yürüş edərək orada Britaniya dövlətçiliyinin və ilk kral
sülaləsinin əsasını qoymuşdular. İngilis mənbələrinə görə, Britaniyanın ilk əfsanəvi
kralı, əfsanəvi Kamelot şəhər-dövlətinin və kral sülaləsinin əsasını qoyan ser
Artur sarmat idi.O öldükdən sonra əsl türk kimi dəfn edilmiş və məzarının üzərində
böyük bir kurqan ucaldılmışdı. Dördüncü qrup isə Quzey Afrikya qədər gedib
çıxmışdı (Ковалевская, 1984, c. 75, 80-81).
Klavdi
Ptolomey (ll əsr) özünün “Coğrafiya bələdçisi”
adlı əsərinin “Avropa Sarmatiyasının mövqeyi” adlı bölümündə bu ölkənin sakinlərindən
biri kimi iskit – alanların da adını çəkməkdədir (Гасанов, 2000, c.53). İosif
Flaviy də özünün “Yəhuda savaşı haqqında” əsərində alanları iskitlərin bir qolu
adlandırır (Гейбуллаев, 1991, s. 286).
Alanlara
xüsusi bir tədqiqat əsəri həsr edən və
var gücü ilə bu xalqın guya irandilli osetinlərin əcdadı olduğunu sübut etməyə
çalışan V. B. Kovalevskaya məsələ antropologiyaya gəldikdə yazır:
“Katakomba
tipli qəbirlərdən çıxan kəllələrin quruluşu bir çox mütəxəssis tərəfindən incələnmiş
alanlar ensiz sifətli, uzun başlı cənubi avropoid irqinə məxsus olmuşlar və həm
özləri ilə çağdaş olan girdəbaş tipli yerli əhalidən, həm də onların birbaşa
varisləri olan müasir osetinlərdən fərqlənmişlər” (Ковалевская, 1984, c. 171).
Maraqlıdır
ki, arxeoloji tədqiqatlar nəticəsində tapılan və ən azı Mezolit dövründən tutmuş
son Tunc dövrünə qədərki böyük bir zaman kəsiyini əhatə edən skeletlər
uzunbaşlı kaspi-oğuz tipinin bütün Qafqaz ərazisini əhatə etdiyini, girdə-baş
kafkasion tipinin daşıyıcılarının bu bölgəyə çox-çox sonrakı dövrlərdə gəl-diklərini
sübut etməkdədir.
Tarixçi
alim Kərəm Məmmədov mövzu ilə bağlı yazır:
“Qafqaz
ərazisində məskun olan xalqların sayının çoxluğu, onların müxtəlif dil ailələrinə
mənsub dillərdə danışması, bölgənin fiziki – coğrafi şəraitinin mürək-kəbliyi və
bu mürəkkəbliyin ayrı-ayrı etnosların təcridinə gətirib çıxarması etnoge-nez
proseslərinin öyrənilməsi baxımından Qafqaz ərazisindən əldə edilmiş
paleo-antropoloji materialın önəmini artırmaqdadır. Qafqaz ərazisində məlum
olan ən qədim kəllə sümükləri Qobustandan, Kiçikdaşın ətəyindəki
“Firuz”mağarasından tapılmışdır. Bu tapıntılar Mezolit dövrünə aiddir. Eyni
dövrə aid edilən və eyni morfoloji xüsusiyyətləri daşıyan insan qalıqları Cənubi
Azərbaycan ərazisindən də tapılmışdır.Üzün nisbətən ensizliyi və kəllənin nisbətən
uzunsovluğu ilə fərqlənən bu tip bütün Qafqaz
və Cənubi Azərbaycan üçün təkcə Mezolit dövründə deyil, Eneolit, yəni
Mis-daş və Tunc dövrlərində də xas olmuşdur. Bu insan tipi elm aləmində “kaspi”
və ya “oğuz”tipi adlanır və öz parametrlərinə görə Azərbaycan türklərinin antropoloji
tipinə uyğundur və digər qonşu xalqların göstəricilərindən əsaslı surətdə fərqlənir”(
Мамедов, 2005, c. 123).
Antropoloji
tədqiqatlar bütün Qafqaz və Cənubi Azərbaycan ərazisində Mezolit dövründə
yaradılan zəngin mədədniyyətin qurucularının məhz Azərbaycan türklərinin
əcdadları olduğunu birmənalı şəkildə sübut etməkdədir. Bu faktı Qobustan ərazisində
təsbit edilən və ayrı-ayrı türk soy və boylarına aid soy tamğaları da sübut etməkdədir.
F .Muradova deyir:
“Qobustanda
insan, heyvan, balıq və sairə təsvirləri lə yanaşı, müxtəlif işarə və tamğalara
da rast gəlinməkdədir” (Mурадова, 2005, c. 130).
İskit,
sak və sarmatları irandilli hesab edən bir çox elm adamı alanların da irandilli
olduğunu söyləyərək, onların osetinlərin ulu babaları olduqlarını iddia etməkdədirlər.
Lakin həmin alimlər eyni zamanda sarmat və alan qəbirlərindən tapılmış skeletlərin
antropoloji cəhətdən irandilli osetinlərə deyil, qıpçaq mənşəli, türkdilli
qaraçay və balkarlara uyğun gəldiyini (Ковалевская, 1984, c. 171), həmin qəbirlərdən
çıxan əşyaların üzərində tük-run yazılarına və türk tamğalarına rast gəlindiyini
(Ковалевская, 1984, c. 172-173) etiraf etmiş, bunu izah etməkdə çətinlik çəkmişlər.
Halbuki, bu halı izah etmək üçün
alanların və asların dili haqqında Biruninin (Xl əsr) söylədiklərini
yada salmaq tamamilə yetərlidir. Bu böyük alim həmin xalqların qıpçaq və Xorəzm
(karluq) dillərinin qarışığı olan xüsusi bir dildə danışdıqlarını yazmışdır
(Якубовский, 1944, c. 54).
Maraqlıdır
ki, qaraçay və balkar türkləri bugünə qədər özləini alan-kumanların davamı
hesab etməkdədirlər (Zeynalov, 1981, s. 232). Osetinlər də balkar türklərini
“ası” və ya “asiaq” (aslar), qaraçay türklərini isə “Stur-Asiaq” (böyük aslar)
adlandırırlar. (Ağasıoğlu, 2995, s. 13).
Musa
Kağankatlı “Albaniya tarixi” kitabının
“Yafəs və Arandan başlayaraq lll Vaçaqana qədər Albaniyada hakim olan
hökmdarların siyahısı” adlı Vlll fəslində Yafəsdən başlayan və övladları tərəfindən
davam etdirilən şahlığın nümayəndələrini sadalayarkən 4-cü sırada Toqarmanın
(Türkün) adıını çəkir:
“Yafəs,
Homer (Kimer), Tiras, Toqarma (Türk)…” (Kalankaytuklu, 1993, s. 19).
Maraqlıdır
ki, yəhudi dinini qəbul etmiş Xəzər xaqanı İosif Bizans imperatoruna yazdığı məşhur
məktubunda xəzərlərin Toqarmanın (Türkün) 10 oğlundan biri olan Xəzərin nəslindən
olduqlarını qeyd etməkdə, Toqarmanın oğullarının adlarını belə sıralamaqdadır:
Uyğur, Turis, Oğuz, Bizal, Tırna, Xəzər, Yanur, Bulqar, Savir (Плетнева, 1976,
с. 7).
Bu
fakt xəzərlərin etnogenezinin bilavasitə Azərbaycan və Şərqi Anadolu ilə bağlı
olduğunu söyləmək üçün tamamilə yetərlidir. Məktubun sonrakı hissəsində söylənilənlər
də bu faktı təsdiqləyici mahiyyətdədir. Xaqan yazır ki, ən başda xəzərlər az saylı
və zəif idilər, lakin sonralar özlərindən qat-qat güclü olan boylarla mübarizə
aparıb onlara qalib gəldilər, onların torpaqlarına sahib oldular. Onlar qaçır,
xəzərlər təqib edirdilər. Bu, rəqiblərin Kuştantiniya yaxınlığındakı Runa
çayını keçmələrinə qədər davam etdi. Məktubda qaçanların kimlər olduğu da
bildirilir: u-n-n-t-r. Bu məktubda deyilənləri şərh edən alimlər buradakı Runa
çayının Dunay, Kuştantiniyanın Konstantinopol (İstanbul), “u-n-n-t-r” kimi
oxunan xalqın isə onuyğurlar və ya utiqurlar (otuzuyğurlar), başqa sözlə,
uyğurlar olduğu fikrində yekdildilər (Плетнева, 1976, с. 7).
Burada
istər-istəməz, Diador Siciliyalının iskitlər haqqında söylədikləri yada düşür və
hər iki müəllifin eyni hadisədən söhbət açdığı ehtimalı ağla gəlir. Diador
Siciliyalı yazır:
“…Əvvəllər
onlar azsaylı idi və Araz qırağında yaşayırdılar, onda şöhrət sahibləri
olmadıqları üçün onlara həqarətlə baxılırdı. Lakin hələ qədim vaxtlardan
strateji bacarığı ilə seçilən bir savaşqan başçılarının başçılığı altında onlar
Qafqaza qədər dağlarda, Okean və Meoyiy (Azov) gölü sahillərindəki düzlərdə və
Tanais çayına qədərki sair bölgələrdə ölərinə ölkə əldə etdilər…Xeyli vaxt keçəndən
sonra …Tanais çayından o tərəfdə Trakiyaya qədər geniş əraziləri də özlərinə
tabe edib, hərbi yürüşlərini başqa istiqamətdə yönəltdilər…” (Ağasıoğlu, 2005,
s. 101).
Məlumat
üçün bildirək ki, Dunay çayının axdığı ölkələrdən biri də Bolqarıstandır və
Trakiya bu ölkənin bir hissəsini əhatə edir. Həmin ərazi İstanbula yaxındır. Əgər
hər iki halda eyni hadisəsən söhbət gedirsə, – antik müəlliflərin bütün türkləri,
o cümlədən xəzərləri iskit adlandırdığı məlumdur, – bu halda xəzərlərin öz
tarixlərinin ən başında Araz çayı sahillərində yaşadıqları heç bir şübhə
oyatmır.
Söhbətin
bu yerində xəzərlərin etnogenezinin ilkin mərhələsinin Azərbaycanla bağlılığını
təsdiq edən daha bir tarixi faktı, Təbərinin son dərəcə maraqlı bir məlumatını
diqqətə çatdırmağa ehtiyac duyuruq. Salnaməçinin yazdığına görə, Sasani şahı
Qubadın ömrünün son illərinədək Aran (Albaniya), Gürcüstan, Vaspurakan, Sisəcan
(Sisakan // Zəngəzur) xəzərlərin əlində qalmış…, Qəbələ hunların mərkəzi
olmuşdur:
“…Buna
görə bu əyalətlərlə birlikdə Azərbaycana Xəzər məmləkəti demişlər” (İslam
Ansiklopedisi, 1950, s. 90).
Xəzər
xaqanı İosifin Yafəs soyundan Toqarmanın oğulları sırasında adlarını çəkdiyi üç
nəfər, o cümlədən xəzərlərin soy babası Xəzər haqqında Vll əsrdə yaşamış
suriyalı salnaməçi İohan Efeslinin “Tarix” əsərində daha qədim mənbələrdən
götürülmüş çox maraqlı bir qeyd var:
“Bizans
imperatoru Mavrikinin dövründə Daxili İskitiyadan (İskitlər ölkəsindən) üç
qardaş öz xalqları ilə birlikdə hərəkətə keçdilər. Qardaşlardan Bulqar adlı
biri Roma imperiyasının sərhədlərinə tərəf yollandı. Digər ikisi isə alanların
Bersiliya adlandırılan ölkəsində məskunlaşdılar. Bu ərazi sonralar qardaşlardan
birinin-Xəzərin adı ilə Xəzər adlanmağa başladı” (Плетнева, 1976, с. 15).
Xəzər
xaqanının məktubundan göründüyü kimi, Xəzər xaqanı həm xəzərləri, həm də oğuz,
uyğur, bulqar, savir və s. türk boylarını Albaniya, yəni Azərbaycan hökmdarının
soyu kimi təqdim edir və bununla da türk xalqlarının ilkin etnogenezinin Azərbaycan
ərazisi ilə bağlı olduğunu dolayısıyla təsdiq etmiş olur. Bu sırada oğuzlarn da
adının çəkilməsi diqqətçəkicidir.
İşin
elmi nəticəsi.
Nuh
və Yafəslə bağlı əfsanə və rəvayətlərin qədim qaynaqlarla tutuşdurulması bizə
ölkəmizin ərazisinin əzəldən ən qədim Türk Yurdu olduğunu, pratürklərin bu ərazidə
zəngin maddi və mənəvi mədəniyyət nümunələri yaratdığını söyləməyə əlavə əsas
verir. Bu, gəldiyimiz əsas nəticədir.
İşin
elmi yeniliyi.
İşin
elmi yeniliyi tədqiqatın metodundadır. Fikrimizcə, məsələyə məhz bu kontekstdən
yanaşma gələcəkdə tarixşünaslıq elmində tamamilə yeni bir istiqamətin doğmasına
gətirib çıxara bilər.
İşin
tətbiqi əhəmiyyəti.
Əgər
sonrakı tədqiqatlar eyni nəticəni verərsə, gələcəkdə bölgələrə folklorşünas,
etnoqraf və arxeoloqların birgə eksprdisiyalarının təşkili zərurəti yarana bilər.
Gəlinən nəticələr bu ekspedisiyalar üçün “yol xəritəsi” rolunda çıxış edər.
ƏDƏBİYYAT
Qısaltma
AFA
NF – Azərbaycan Folkloru Antologiyası. Naxçıvan folkloru.
Azərbaycan
və Türkiyə türkcələrində
Ağasıoğlu
F. Azər xalqı, B.2005.
Azərbaycan
tarixi, B.,”Azərnəşr”, 1994.
Bakıxanov
A. Gülüstani – İrəm, B., 1951.
İslam
Ansiklopedisi, Xll cüz, Milli Egitim Bakanlığı, İstanbul, 1950.
Ismayıl
Rüstəm qızı M. Naxçıvan əfsanələri. Naxçıvan, Elm, 2008. 190 s.
Kalankaytuklu
M. Alban tarixi.”Elm”, B.,1993.
Oğuz
Y. Qədim Azəbaycan və Anadolu türkləri. “Azərbaycan Milli Ensiklopediyası”
NPB.,B.,2002.
Oğuz
Y. Tuncay B, Türkün gizli tarixi. B., Apostrof, 2009, 49 s.
Ögəl
B. Türk mifologiyası. l c. B.,”MBM”, 2006.
Rəşidəddin.
Oğuznamə. Tərtibçi İ.M.Osmanlı. B.: Azərbaycan Milli Ensiklopediyası, 2003, 108
s.
Səfərоv
Y. Bir əfsanənin mənşəyi. Еlm və həyat, 1982, №10, s. 32-33.
Səfərоv
Y. Azərbaycan əfsanə və rəvayətləri və оnların təsnifinə dair. Gənc ədəbiyyatşünasların
V rеspublika kоnfransı, məruzələrin tеzisləri. Bakı, Еlm, 1987, s. 105-106.
Zeynalov
F. Türkologiyanın əsasları. “Maarif”, B.,1981.
Rus
dilində
Абромзон
С.М. Этнический состав северной Киргизии. Труды Киргиз-ской
археологическо-этнографической экспедиции., вып., lV , Москва, 1960.
Алиев
К. Античные источники по истории Азербайджана. “Элм”, Б.,1987.
Велиханов
Ч.Ч. Сочинения, тт.,l-lV.
Востров
В.В., Муканов М.С. Родоплеменной состав и расселение казахов. Алма-Ата,1968.
Гасанов
З. Царские Скифы. “LibertyPublishing House”,New York, 2000.
Гейбуллаев
Г.А. К Этногенезу азербайджанцев. “Элм”, Б.,1991.
Грантовский
Э.А. Индо-иранские касты у скифов. XXV Международная конференция востоковедов.
Доклады делегации СССР, М., 1960.
Дьяконов
И.М. Ассиро-вавилонские источникн по истории Урарту. ВДИ, 1951, № 2.
Жданко
Т. А. Очерки исторической этнографии каракалпаков. «ТИЭ. Новая серия», 1950, т.
lX.
Ковалевская
В.Б. Кавказ и аланы. “Наука”, М.,1984.
Kрамер
С. Н. История начинается в Шумере. Наука, М., 1965, 256 с.
Мамедов
К. О палеоантропологии народов Кавкаэа. Qafqazın arxeologiyası, etnologiyası,
folkloru., AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, B., 2005.
Меликашвили
Г. Древневосточные материалы по истории народов Закавказья, l,
Наири-Урарту,Тбилиси, 1954.
Mурадова
Ф. Датировка наскальных изображений Гобустана…Qafqazın arxeologiyası,
etnologiyası, folkloru., AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, B.,
2005.
Плетнева
С. А. Хазары, М., 1976, с. 7.
Якубовский
А.Ю. “Китаби-Коркут” и его значение для изучения туркменского общества в эпоху
средневековья, журн. “Совет эдебияты” , Ашхабад, 1944, № 6.
Xülasə:
Məqalədə Azərbaycanın erkən etnik tariximizin müxtəlif folklor abidələrində
qorunaraq dövrümüzədək ulaşmış nümunələri qədim tarixi mənbələrdə söylənilənlərlə
tutuşdurulur və bunun əsasda etnik və dövlətçilik tariximizə işıq tutulur.
Açar
sözlər: Nuh, Yafəs, Aratta, türklər, kimmerlər, saklar.