İndiyə qədər Amerika qitəsinin ən qədim
xalqlarından olan Hinduların tarixinə, dilinə, antropologiyasına,
etnoqrafiyasına, həmçinin maddi və mənəvi mədəniyyətlərinə dair yüzlərlə məqalə
və monoqrafiya həsr edilmişdir. Bununla belə, 1492-ci ilin oktyabr ayının 12-də
Xristofor Kolumbun rəhbərliyi ilə Amerika qitəsinə ayaq basan acgöz avropalı
istilaçılar tezliklə “Yeni Dünya” adlandırdıqları Köhnə və Qədim Amerikanın
dörd bir yanına yayılsalar da, onların diqqətini cəlb etməyən “Hindu” və ya
“Qırmızıdərili” adlandırdıqları yerli xalqın tarixi və mədəniyyəti yalnız XIX əsrdə
Avropa tədqiqatçılarının diqqətini cəlb etməyə başlamışdı.
Bunların içərisində
1879-cu ildə Vaşinqtonda əsası qoyulan Smitson İnstitutunun ilk direktoru Con
Paulun Hindu dilinə həsr etdiyi “Amerikanın şimalından Meksikaya qədərki
Hinduların dil ailəsi” (“İndian linquistic families of Amerika north of
Mexico”), Frans Boasın iki cildlik “Şimali Amerika Hindularının dili” (Handbook
of American İndian languages, 1-2. Washington, 1911-1922), fransız alimi Riv
Polyanın “Amerikanın yerli insanları” (“Les origines de l Americain, Paris
1957) adlı əsərləri, rus Sovet tədqiqatçılarından R.B.Kinjalovun “Qədim
Amerikanın incəsəsnəti” (“ İskusstvo drevney Ameriki”, Moskva 1962), “Qədim
Mayya incəsənəti” (“İskusstvo drevnix Ameriki” Moskva 1962), “Qədim Mayya mədəniyyəti”(“
Kultura drevnix Mayya”, Leninqrad 1971) və Y.B.Knorozovun “Mayya Hindularının ədəbi
abidələri” (“Pismennost İndeyçev Mayya”, M., L., 1963), “Mayya heroqlif əlyazmaları”
(“İeroqlifiçeskiye rukopisi Mayya”, Leninqrad 1975) və s. kimi bir sıra əsərləri,
Çex tədqiqatçılarından Cestmir Loukotkanın “Cənubi Amerika dillərinin təsnifatı”
(“Clasificacian de las lenguas Sudamericanas”).
Və xüsusilə, Miloslov Stinqlin
“Tomaqavlarsız Hindular” (“İndianı bez Tomahavku”, Praha 1976) və “Şan-şöhrətli
və ölümlü Günəşin övladları” (“Slava smrt Symı Slunce”, Praha 1985) adlı əsərləri
xüsusi yer tutur. Lakin bu göstərilən müəlliflər Hindularla bağlı hər şeydən bəhs
etsələr də onların Türklərlə yaxınlığı, qohumluğu və əlaqələrindən bəhs etməmişlər.
Amerika Hinduları ilə bağlı
araşdırma aparan ilk Türk tədqiqatçısı Təhsin Bəy Mayatəpək olmuşdur. Sonradan
Mayalıları Türk hesab edən və Maya dilindəki “təpək” sözünün türkcədəki “təpə”
sözü ilə eyniyyət təşkil etdiyini özünə “Mayatəpək” təxəllüsü götürən Təhsin Bəy
Atatürkün istəyi ilə 1935-ci ildə Türkiyənin Meksika Səfirliyinə Məsləhətgüzar
(İşlər Vəkili, Səfir əvəzi) təyin edilmişdi. Meksikaya Təhsin Bəy əslində
Atatürk tərəfindən Mu qitəsi və Mayalılarla Türklərin əlaqələrini araşdırmaq və
“Günəş Dil Nəzəriyyəsi” haqqında yeni məlumatlar toplamaqla görəvləndirilmişdi.
Təhsin Bəyə Meksikada Amerikalı
arxeoloq William Nivenin əldə etdiyi Meksika gil lövhələri göstərilmişdi. Mayya
Hindularının dilinin kökü bu lövhələrdə gizli idi. Təhsin Bəy Türkcə ilə Maya
dili arasındakı bənzərlikləri müəyyənləşdirmək üçün Maya dilinə aid mətnlər
haqqında bilgi toplamağa başlamış və bu tabletlərin şifrəsinin açılışı onu
xeyli təəccübləndirmişdi. Belə ki, Meksika tabletləri eradan əvvəl 200 (iki
yüz) min ilə 70 (yetmiş) min illəri arasında Sakit Okeanda mövcud olmuş bir qitədən
bəhs edirdi. Tədqiqatçılara görə “Mu” adı verilən bu qitə 12 (on iki) min il
öncə bir dəhşətli zəlzələ nəticəsində Sakit Okeana qərq olmuşdu. (Seçmələr
bizimdir-A.M. Bax: Sinan Meydan, Atatürk ve Kayıp kıta Mu, İstanbul 2014. Səh.
103)
Öz araşdırmalarını dərinləşdirdikcə
yeni-yeni mənbələrlə qarşılaşan Təhsin Bəy bu dəfə ömrünün 50 (əlli) ilini qədim
Mu qitəsinə və Mayalılara həsr edən ingilis alimi Ceyms Curcvardın əsərləri ilə
tanış olmuş, bu əsərləri təhlil edərək beş maddədən ibarət xülasəni və başqa
qaynaqlardan əldə etdiyi bilgiləri 14 raport üç dəftər halında 1935-ci ilin
dekabr ayından başlayaraq Atatürkə və Türk Tarix Qurumuna təqdim etmişdi.
Təhsin Bəyin bu raportlarında bizi
maraqlandıran Mayyalılar və digər Amerika Hindularının Türklərlə
bağlılıqlarıdır. Təhsin Bəyin ingilis alimi Curcvarda əsaslanaraq akademik bir
ciddiliklə apardığı tədqiqatlar əslində Mu qitəsi və xüsusilə Amerika “Qırmızıdərililəri”
ilə Türklər arasındakı yaxınlığı təsdiq etməyə yönəli son dərəcə orijinal və
bir o qədər də şaşırdıcı tədqiqatlardır. Çox təəssüflər olsun ki, Təhsin Bəyin
bu qiymətli tədqiqatları Atatürkün vəfatından uzun müddət sonra davam etdirilməmiş,
yalnız 1970-ci illərdə Qazanda Tatar alimləri Karamullin və Aribcanov bu pərdənin
üstünü yenidən açmışdılar. (Bax: Voprosı Tyurkskoqo yazıkoznaniya, Kazan, 1976,
səh. 129-143)